“Azərbaycanın neft-qaz resursları: səmərəlilik və davamlı inkişaf” mövzusunda müzakirələr aparıldı
- Oxunub 992 dəfə
Mayın 17-də AMEA İqtisadiyyat İnstitutunda "Kreativ iqtisadiyyat" Diskussiya Klubunda növbəti elmi müzakirələr keçirildi. Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, professor Nazim Müzəffərli klubun yeni rəhbərini – iqtisad elmləri doktoru Əli Hüseynovu təqdim etdi. Ə.Hüseynov "Kreativ iqtisadiyyat" Diskussiya Klubunda elmi müzakirələrin təşkili üzrə əsas yeniliklər barədə məlumat verdi.
Sonra məruzəçi – İnstitutun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Nəsimi Əhmədov “Azərbaycanın neft-qaz resursları: səmərəlilik və davamlı inkişaf” mövzusunda təqdimatla çıxış etdi. Bildirdi ki, Azərbaycan ərazisinin müxtəlif hissələrində geniş yayılmış hər cür zəngin təbii sərvətlər içərisində neft və qaz ehtiyatları ölkənin inkişafı baxımından hər zaman müstəsna əhəmiyyətə malik olmuşdur. Ölkənin inkişafı və tərəqqisinə, xalqın rifahının yüksəldilməsinə xidmət edən neft və qaz ehtiyatlarından səmərəli istifadə dövlət müstəqilliyinin bərpasından sonra daha mühüm əhəmiyyət kəsb etmişdir. Müstəqillik illərində ölkədə dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafı, sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi, regionların tarazlı inkişafı üçün geniş imkanlar yaranmışdır. Əvvəlki dövrlərdə Azərbaycanın zəngin neft-qaz sərvətlərindən milli mənafelər naminə istifadə edilməməsi, böyük həcmdə hasil edilmiş xam neftin yüksək gəlir gətirən emalının əsasən ölkədən kənarda aparılması ölkədə məhsuldar qüvvələrin qeyri-bərabər inkişafına, sosial-iqtisadi inkişaf səviyyəsində böyük fərqlərin yaranmasına və daha da dərinləşməsinə səbəb olmuşdur.
Son dövrlərdə dünya bazarlarında neftin qiymətinin kəskin azalması və bir sıra region ölkələrinin milli valyutalarının ucuzlaşması kimi xarici amillər şok effekti yaratmaqla, ölkənin makroiqtisadi göstəricilərinə təsir göstərməkdədir. Bu amillərin mənfi təsiri fonunda neft sektoru azalmağa doğru meyl etməklə, ÜDM-in real artımı əsasən qeyri-neft sektorunun hesabına baş verir. Eyni zamanda xam neft və təbii qaz hasilatı ÜDM-in formalaşmasında yüksək xüsusi çəkiyə malik olan sənayenin əsas hissəsini təşkil edir. Dünya bazarında neft qiymətlərinin tərəddüdlü xarakteri, hasilat göstəricilərinin dəyişməsi əldə edilən gəlirlərin qeyri-sabit olmasına səbəb olur və beləliklə də ölkədə ÜDM-in həcminin formalaşması sənayenin əsas hissəsini təşkil edən neft sektorunun təsir dairəsindən çıxa bilmir.
Tədqiqatçı N.Əhmədov hesab edir ki, uzunmüddətli istismar dövrü keçmiş neft yataqlarının işlənilməsi təkmilləşdirilməli, ehtiyatları yenidən hesablanmalı, maddi, əmək, material ehtiyatlarından, əsas fondlardan istifadənin səmərəliliyi artırılmalı, əmək haqqı və amortizasiya xərcləri optimallaşdırılmalı, xammal itkilərinin qarşısı alınmalıdır. Neft və qaz xammalının onun istifadə ediləcəyi sahələr, yəni neft məhsulları və neft-kimya məhsulları istehsalı arasında dəqiq və məqsədəuyğun bölüşdürülməsi zəruridir. Əsaslı enerji dəyişikliyinin həyata keçirilməsi bərpa olunan enerji mənbələrindən geniş istifadəni tələb edir. Müəllif ilk dəfə olaraq Azərbaycanın Abşeron və Şəki-Zaqatala iqtisadi rayonları üzrə ekoloji renta göstəricilərini hesablamışdır. Təklif olunur ki, regional ekoloji renta göstəricisi davamlı inkişafın regional indikatoru kimi istifadə edilsin. Bu göstərici təbii sərvətlərin iqtisadi qiymətləndirilməsində, ekoloji-iqtisadi səmərəliliyin müəyyən edilməsində, vergi münasibətlərinin təkmilləşdirilməsində də faydalı ola bilər.
Sonra mövzu ətrafında geniş müzakirələr aparıldı, suallar cavablandırıldı, çıxışlar oldu. Məruzəçinin məruzəsi qiymətləndirildi, əsas müsbət və çatışmayan cəhətləri qeyd olundu. Sonda məruzəçi və əsas şərhçi (i.f.d. Sulduz Səlimov) də daxil olmaqla müzakirələrdə fəal iştirak edənlər simvolik məbləğdə pul mükafatı ilə mükafatlandırıldılar (economics.com.az).