Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

"Kreativ iqtisadiyyat" Diskussiya Klubunda Azərbaycanda əhalinin siyahıya alınması ilə bağlı müzakirələr aparıldı

  • Oxunub 1099 dəfə

 İyunun 13-də AMEA İqtisadiyyat İnstitutunda "Kreativ iqtisadiyyat" Diskussiya Klubunda növbəti elmi müzakirələr keçirildi. Tədbiri giriş sözü ilə açan klubun rəhbəri, iqtisad elmləri doktoru Əli Hüseynov əsas məruzəçini – İnstitutun “Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri” şöbəsinin böyük elmi işçisi Çingiz Baxışı təqdim etdi.

  Ç.Baxış Azərbaycanda bu ilin payızında keçirilməsi nəzərdə tutulan növbəti əhalinin siyahıya alınması tədbiri və onun əhəmiyyəti barədə danışdı, bununla bağlı öz təklif və tövsiyyələrini səsləndirdi. Tədqiqatçı hesab edir ki, Azərbaycanda bir milyon əhalinin köçkün və qaçqın vəziyyətdə olmasını, yüz minlərlə azərbaycanlının öz vətəndaşlığını saxlamaqla başqa ölkələrdə daimi əhali statusunda olmasını nəzərə alaraq siyahıyaalmada əhali 3 aspektdə qeydiyyata alınmalıdır: daimi əhali, mövcud əhali və Azərbaycan vətəndaşlığı olan əhali.

 Məruzəçi qeyd etdi ki, məcburi köçkünlər 20 ildən çoxdur öz doğma yaşayış yerlərini tərk etmiş və Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmışlar. Onlar yeni yaşayış yerlərinin daimi sakinlərinə çevrilmiş və bütün aspektlərdə yerli əhali ilə inteqrasiya olmuşlar. Köçkünlər uzun illərdən bəri faktiki yaşadıqları məntəqələrdə bütün əhalinin sosial-iqtisadi həyatının ayrılmaz hissəsini təşkil edirlər. Ona görə də əhali sayımında köçkünlərin qeydiyyatı tərk etmək məcburiyyətində qaldıqları ərazilərin daimi əhalisi kimi qeydiyyata alınması ilə yanaşı faktiki yaşadıqları yaşayış məntəqələrinin daimi əhalisi kimi də qeydiyyata alınmalıdır. Əks təqdirdə köçkünlərin faktiki yaşadıqları ərazilərdə siyahıyaalma məlumatları əhalini tam olaraq əhatə etmədiyindən həmin ərazi üçün sosial-iqtisadi və strateji baxımdan öz informativ funksiyasını yarımçıq yerinə yetirmiş olur.

 Tədqiqatçı hesab edir ki, əhalinin etnik mənsubiyyəti respondentlərin özlərini dərk etdikləri və rəsmən bildirdikləri milliyyət kimi qeydə alınmalıdır. Habelə dini amilin ölkənin sosial-siyasi həyatında önəmli rol oynadığını nəzərə alaraq əhalinin dini inancı, hansı məzhəbə aid olması (şiyə, sünnü, pravoslav, katolik və s.), ateist və ya aqnostik (tərəddüd edənlər) olması haqqında da məlumat toplanmalıdır.

 Tədqiqatçının fikrincə, “əhalinin siyahıyaalınması” termininin “əhali sayımı” ifadəsi ilə əvəz edilməsi daha məqsədəuyğundur. Belə ki, “əhalinin siyahıyaalınması” termini rus dilində işlədilən “perepis naseleniya” termininin uğursuz hərfi tərcüməsi nəticəsində əmələ gəlmişdir, dünya dillərinin heç birində bu tədbirin adında “siyahıya alma” ifadəsi yoxdur. Ona gərə də, “əhali sayımı” daha yığcam və anlamlı olmaqla ədəbi dilimizdə əhalinin doğumu, ölümü, artımı kimi demoqrafik terminlərlə yanaşı işlədilməsi daha məntiqə uyğundur.

 Sonra mövzu ətrafında geniş müzakirələr aparıldı, suallar cavablandırıldı, çıxışlar oldu. AR Dövlət Statistika Komitəsinin Əhali və gender statistikası şöbəsi müdirinin müavini Xalıq Nəsibov, AMEA Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, coğrafiya elmləri doktoru Zakir Eminov məruzə ilə bağlı öz fikirlərini, irad və təkliflərini ifadə etdilər. İnstitutun direktoru, professor Nazim Müzəffərli müzakirə olunan mövzunun əhəmiyyətini qeyd edərək çıxışlara və təkliflərə öz münasibətini bildirdi. Sonda məruzəçinin məruzəsi qiymətləndirildi, əsas müsbət və çatışmayan cəhətləri qeyd olundu (economics.com.az).

  İyunun 13-də AMEA İqtisadiyyat İnstitutunda "Kreativ iqtisadiyyat" Diskussiya Klubunda Azərbaycanda əhalinin siyahıya alınması ilə bağlı aparılmış müzakirələrə aşağıdakı linkdə YouTube kanalımızda baxa bilərsiniz. 

 YouTube kanalımız (yüklə)