Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda Aqrar Tədqiqatlar Mərkəzinin direktorunun məruzəsi dinlənildi

  • Oxunub 928 dəfə

 Sentyabrın 30-da AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının, İqtisadiyyat və Ekonometriya üzrə Əlaqələndirmə Şuralarının təşkilatçılığı ilə "Kreativ iqtisadiyyat" Diskussiya Klubunda növbəti elmi müzakirələr keçirildi. Tədbiri giriş sözü ilə açan və məruzəçini təqdim edən AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli qeyd etdi ki, İqtisadiyyat İnstitutu dövlət qurumları və onların nəzdində fəaliyyət göstərən elmi-tədqiqat mərkəzləri ilə sıx əməkdaşlıq etməkdə maraqlıdır, bu sahədə birgə işlər aparılır.  

 Sonra Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin Aqrar Tədqiqatlar Mərkəzində aparılan tədqiqatlarla bağlı məruzəsi dinlənildi. Direktor rəhbərlik etdiyi Mərkəzin yaranması və əsas missiyası barəsində geniş məlumat verdi.  Qeyd etdi ki, Mərkəz tədqiqatlar aparmaq üçün təkmilləşdirilmiş məlumat bazasına malikdir. Əsas və daimi fəaliyyət istiqamətlərindən biri - diaqnostika və təhlildir ki, bu sahədə iqtisadçı alimlərlə birgə faydalı tədqiqatlar aparmaq olar.

 Məruzəçi vurğuladı ki, Kənd Təsərrüfatı Nazirliyinin qarşıya qoyduğu 5 strateji məsələlərdən biri də fundamental aqrar tədqiqatların aparılmasıdır. Lakin belə dərin tədqiqatlar aparmaq üçün yalnız statistik məlumatlar, dəqiq informasiya bazası yetərli deyil. Əfsuslar olsun ki, metodologiya bazası çox zəifdir. Bununla belə, bu sahədə böyük təcrübəyə malik AMEA İqtisadiyyat İnstitutu ilə birlikdə həmin informasiya bazası əsasında birgə tədqiqatlar aparmaq və mühüm nəticələr əldə etmək mümkündür.

 Sonra mövzu ətrafında geniş müzakirələr aparıldı, suallar cavablandırıldı, çıxışlar oldu. Aqrar Tədqiqatlar Mərkəzinin AMEA İqtisadiyyat İnstitutu ilə əməkdaşlıq və birgə tədqiqatlar aparması imkanları və perspektivləri müzakirə edildi (economics.com.az).

 AMEA İqtisadiyyat İnstitutunda Aqrar Tədqiqatlar Mərkəzi ilə birgə keçirilən elmi müzakirələrə aşağıdakı linkdə - İnstitutumuzun YouTube kanalında baxa bilərsiniz

  AMEA Iqtisadiyyat Institutu YouTtube kanalı