Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

"Qloballaşma və iqtisadi millətçilik"

  • Oxunub 1812 dəfə

“Kreativ iqtisadiyyat” Diskussiya Klubunda professor Tofiq Quliyevin təqdimatı

  İyunun 4-də AMEA İqtisadiyyat İnstitutunda “Kreativ iqtisadiyyat” Diskussiya Klubunda Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Tofiq Quliyev "Qloballaşma və iqtisadi millətçilik" mövzusunda təqdimatla çıxış etdi. O, iqtisadi millətçilik ideyalarının, fikrinin meydana gəlməsi, tarixi kökləri, alimlərin məsələyə yanaşması, qloballaşmanın milli iqtisadiyyata təsiri, protoksionist siyasət, iqtisadi millətçiliyin ayrı-ayrı ölkələrin inkişafına təsiri və s. məsələlər barədə danışdı. Məruzəçi iqtisadi millətçiliyi öz milli bazarını qoruyan, korrupsiyaya yol verməyən, iqtisadi patriotizmi əsas götürən, mütəşəkkilliyə köklənən iqtisadi sistem kimi xarakterizə etdi.

  Təqdimatdan sonra mövzu ətrafında geniş müzakirələr aparıldı. Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Şamil Qafarov qeyd etdi ki, qloballaşma ilə millətçilik bir-birinə zidd proseslərdir. Qloballaşma millətçiliyi məhv edir. İqtisadi inkişafı yüksələn ölkələrdə iqtisadi millətçilik daha güclüdür, iqtisadi inkişafı aşağı olan ölkələrdə isə zəifdir. Dünyada yeganə olaraq inkişaf etmiş ölkə kimi ABŞ-da iqtisadi millətçilik yoxdur, çünki bu ölkədə millət anlayışı qəbul olunmur.

  İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Tofiq Hüseynov Yaponiyanın timsalında müxtəlif tarixi dövrlərdə daxili bazarın, milli mənafelərin qorunması baxımından dövlətin atdığı addımların, verdiyi qərarların əhəmiyyətindən danışdı. İnstitutun şöbə müdiri Tanrıverdi Paşa iqtisadi millətçiliyi dövlət mənafelərinin, ölkənin iqtisadi maraqlarının qorunması kimi xarakterizə etdi. 

  AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli (İmanov) vurğuladı ki, inkişaf etmiş ölkələr qloballaşmanın, liberalizmin tərəfdarıdılar. Çünki bu onların iqtisadi maraqlarına uyğundur. İnkişaf etmiş ölkələr üçün iqtisadi millətçilik daxili bazarın dünyaya açıqlığı, inkişaf etməmiş ölkələr üçün isə daxili bazarın qorunması siyasətidir. Məsələ ondadır ki, inkişaf etmiş ölkələr daha rəqabətqabiliyyətli iqtisadiyyata malikdirlər və digər bazarlara çıxmaqda maraqlıdılar, ikincilər isə daxili bazarda yerli istehsalı qorumaq üçün müvafiq addımlar atmağa məcburdular. Bunlarla yanaşı, əslində iqtisadi millətçilik bir məfkurədir.

  Digər çıxış edənlər – i.e.d., professorlar Rasim Əsədov, İsa Alıyev, iqtisad üzrə fəlsəfə doktorları Əli Ömərov, Aqil Əsədov, Cəlil Quliyev, Emin Məmmədzadə, Mayis Gülaliyev mövzu ilə bağlı öz fikirlərini, mülahizələrini bildirdilər. Xüsusən də bazar iqtisadiyyatı şəraitində iqtisadi millətçiliyin faydalı, mübahisəli və ziddiyyətli cəhətləri daha çox diskussiyalara səbəb oldu (economics.com.az).