Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Professor Nazim Müzəffərli Milli Aviasiya Akademiyasında məruzə ilə çıxış edib

  • Oxunub 838 dəfə

 Fevralın 3-5-də Milli Aviasiya Akademiyasında (MMA) “Fevral məruzələri-2020” - “Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” V Beynəlxalq elmi-praktik gənclər konfransı adlı tədbirlər keçirilib. Fevralın 5-də AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli konfrans çərçivəsində “İqtisadiyyatın liberallığı və dirijistliyi arasında optimallıq intervalı” mövzusunda məruzə ilə çıxış edib.

  Tədbirdə Milli Aviasiya Akademiyasının professor-müəllim heyəti və AMEA İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşı (direktor müavinləri, dos. Allahyar Muradov və Şakir Alıyev, Elmi katib, dos. Rəsmiyyə Abdullayeva, aparıcı elmi işçilər - dos. Mahir Zeynalov və dos. Rəmzi Abdullayev) iştirak ediblər.

 Tədbiri giriş sözü ilə Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdiri, i.e.d., professor Səlim Müslümov açaraq məruzəçini təqdim edib. AMEA İqtisadiyyat İnstitutunda aparılan fundamental tədqiqatların elmi ictimaiyyət tərəfindən maraqla izləndiyini qeyd edib, elm və təhsil müəssisələrinin sıx əməkdaşlığının zəruriliyini vurğulayıb.

 Professor Nazim Müzəffərli məruzəsində bildirib ki, strateji yol xəritələrinə əsasən dövlət sektoru ilə özəl sektor arasındakı nisbət ikincinin xeyrinə dəyişəcək; rəqabət mühiti inkişaf etdiriləcək (anti-inhisar siyasəti); neft gəlirlərinin büdcəyə transferlərinə «qızıl qayda» tətbiq ediləcək; müəssisələrin vergi yükü yüngülləşdiriləcək; biznes mühiti (o cümlədən xarici investorlar üçün) yaxşılaşdırılacaq; xarici iqtisadi interaksiyalar sadələşdiriləcək; monetar tənzimləmə «üzən məzənnə» siyasətinə əsaslanacaqdır. Bütün bu dəyişikliklər dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilələrinin ümumi səviyyəsini azaltmağa yönəlmişdir. Nəzərdə tutulan islahatlar, əsas etibarilə, sağçı-liberal yönlüdür. Bununla belə, islahatlarin mahiyyətindən qaynaqlanan bir sıra suallar meydana çıxır. Azərbaycan iqtisadiyyatının liberallığı hazırda hansı səviyyədədir? Onu daha da liberallaşdırmaq imkanı varmı və əgər varsa, nə qədərdir? Liberallaşma iqtisadi inkişafın sürətlənməsinə və ictimai rifahın yüksəlməsinə təminat yaradırmı? Dövlətin iqtisadiyyata müdaxiləsini hansı sahələrdə (hansı parametrlər üzrə) yüksək olaraq saxlamaq daha məqsədəuyğundur? İnzibati iqtisadiyyata meyilli məmur və iqtisadçıların liberal islahatları səmimiyyətlə dəstəkləyəcəyini gözləmək nə dərəcədə məntiqlidir?

 Bütün iqtisadi nəzəriyyələr (məktəblər) və siyasi qüvvələr iddia edirlər ki, məqsədləri iqtisadi inkişafı sürətləndirmək və ictimai rifahı yüksəltməkdir. Amma bunun üçün sağçılar hesab edir ki, dövlət iqtisadiyyata mümkün qədər az müdaxilə etməli, özünütənzimləmə mexamizmlərinə üstünlük verməlidir. Solçular isə düşünür ki, bazar fəsadlarının qarşısını almaq üçün dövlət iqtisadiyyata fəal müdaxilə edərək onu tənzimləməlidir. Bununla belə, prof. N.Müzəffərli vurğuladı ki, dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilərinin REAL (faktiki) səviyyəsindən asılı olaraq iqtisadiyyat özü də solluq-sağlıq (dirijistlik-liberallıq) əlamətləri alır. Məsələn, idxalın məhdudlaşdırılması iqtisadiyyatın liberallığını azaldır (və ya dirijistliyini artırır). Xarici ticarətin (idxalın) sərbəstliyi də, daxili bazarın qorunması da iqtisadi siyasətin hədəfi ola bilər. Biri artdıqda digəri azalır (cəmi sabit qalan toplananlar kimi). Hansısa məhsul və ya xidmət üzrə (yaxud bütövlükdə ölkə üzrə) eyni zamanda həm idxalı liberallaşdırmaq, həm də daxili bazarın müdafiəsini gücləndirmək mümkün deyil. Solçular üçün daxili bazarın qorunması, sağçılar üçünsə xarici ticarətin liberallığı, bir qayda olaraq, daha yüksək prioritetdir.

 Prof. N.Müzəffərli qeyd etdi ki, dünyanın bütün aparıcı analitik mərkəzlərinin apardıqları sıralamaların (reytinq və rənkinqlərin) əksinə olaraq, AMEA İqtisadiyyat İnstitutunun apardığı tədqiqatlara əsasən sıralamalarda “yaxşı” – “pis”, “öndə gedən” – “geridə qalan” ölkələr yoxdur, sağçı və solçu iqtisadiyyata malik olan ölkələr var. AMEA İqtisadiyyat İnstitutunun 95 ölkə üzrə hesabladığı İqtisadiyyatın Solluğu (Sağlığı)İ İndeksinə (İS(S)İ) görə, iqtisadiyyatda liberalliqla dirijistlik arasında optimallıq intervalları ölkədən-ölkəyə fərqlənir və zaman içində dəyişir. Liberal və ya dirijist iqtisadiyyata malik ölkələr eyni dərəcədə uğurla inkişaf edə bilər. Bəzi iqtisadiyyatlar liberallıq, digərləri isə, əksinə, dirijistlik sayəsində daha müvəffəqiyyətlə inkişaf edir. Hər bir ölkə, bazar özünütənzimləməsi ilə dövlət tənzimləməsi arasında məhz onun üçün effektiv (ideal halda - optimal) sayıla biləcək müvazinət (balans) yaratmağa çalışır (çalışmalıdır). Ölkə bu optimal müvazinət intervalına (interval daxilində isə – optimallıq nöqtəsinə) nə qədər yaxındırsa, onun sosial-iqtisadi inkişafı bir o qədər sürətlə gedir. Azərbaycan İS(S)İ-nin 0,310 qiyməti ilə mərkəz ölkələri qrupuna daxildir. 2013-2017-ci illərdə real ÜDM-in kumulyativ artımı 6,7% təşkil etmişdir. 2012-2016-cı illərdə – 8,2%, 2011-2015-ci illərdə isə –12,4%. Bu, İS(S)İ üzrə mərkəz qrupuna daxil olan ölkələrin orta göstəricisindən aşağıdır. Azərbaycanda İS(S)İ öz optimal qiymətindən (optimallıq intervalından) soldadır, ona görə də liberal iqtisadi islahatlar yaxın illərdə aktual olaraq qalacaqdır. 

 Dirijist iqtisadiyyat tərəfdarları hesab edirlər ki, dövlət iqtisadiyyata geniş müdaxilə edərək, vətəndaşların rifahını yuksəltməlidir (xalqı «dolandırmalıdır»); iqtisadiyyatın sosialyönlüyünü təmin etmək üçün dövlət sosial problemlərin həllini öz üzərinə götürməlidir. AMEA İqtisadiyyat İnstitutunun İS(S)İ üzrə tədqiqatları isbat edir ki, liberal iqtisadiyyatlar təxminən eyni inkişaf səviyyəsindəki dirijist iqtisadiyyatlara nisbətən daha sosialyönlü ola bilər və bir çox hallarda olur; solçuluğun sosialyönlük kimi (və əksinə, sosialyönlüyün solçuluq kimi) təfsir edilməsi səhvdir və ciddi iqtisadi fəsadlar törədə bilər. «Sosialyonlülük» bəhanəsi ilə liberal islahatlardan çəkinmək yanlişdır! Hazırda Azərbaycanda liberal islahatlar iqtisadi artımın sürətləndirilməsi və ictimai rifahın yüksəldilməsi üçün kafi şərt olmasa da, zəruri şərtdir! 

 Sonra məruzə ətrafında maraqlı müzakirələr aparılıb, suallar cavablandırılıb (economics.com.az).