AMEA İqtisadiyyat İnstitutunda Azərbaycanda sahibkarlığın inkişafı meyilləri müzakirə olunub
- Oxunub 867 dəfə
Fevralın 19-da AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən iclasında “Azərbaycanda sahibkarlığın inkişafı meyilləri və “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda (3 fevral 2020-ci il) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn vəzifələr” müzakirə olunub.
İclasda İnstitutun “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mahir Zeynalovun mövzu ilə bağlı məruzəsi dinlənilib. Alim qeyd edib ki, Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarlığın rolunun artırılması, xüsusilə kiçik və orta biznesin (KOB) əsas hərəkətverici amilə çevrilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların prioritet istiqamətlərindəndir. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı bir daha ölkədə sahibkarlığın inkişafının prioritet istiqamətlərdən olduğunu vurğulayaraq, bu istiqamətdə öz tapşırıqlarını verib. Ölkə Prezidenti bir daha bəyan edib ki, Azərbaycan iqtisadi inkişaf, ciddi islahatlar yolundadır, islahatlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan iqtisadiyyatının gələcəyi sahibkarlığın inkişafından asılıdır.
Konfansda qarşıya qoyulan vəzifələrə əsasən, özəl banklar iqtisadi inkişafa təkan verməlidir, faiz dərəcələrini aşağı salmalıdır. Habelə özəl banklar biznes-kreditlərə, kiçik və orta sahibkarlığa üstünlük verməlidir. Sənayedə qeyri-neft sektoruna, emal sənayesinə üstünlük verilməklə güzəştli kreditlər bu sahəyə istiqamətləndirilməlidir, xammaldan hazır məhsula keçid təmin edilməlidir. Bunlarla yanaşı, kölgə iqtisadiyyatına qarşı da mübarizə aparılacaq, çünki iqtisadiyyat kölgədən çıxmalıdır. Sahibkarlar da öz fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdır, vergilər gizlədilməməlidir, işçilərlə əmək müqaviləsi bağlanmalıdır və s.
M.Zeynalov ölkədə aparılan uğurlu iqtisadi islahatların və sahibkarlığın dəstəklənməsinin real iqtisadi nəticələrini də qeyd edib. Bildirib ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üzrə aparılan iqtisadi islahatlar ölkədə sahibkarlığın inkişafına təkan vermişdir. ÜDM-də iqtisadiyyatın bütün sahələri üzrə qeyri-dövlət bölməsinin payının artımı müşahidə olunur. 2019-cu ildə ÜDM 2,2% artıb, ÜDM-də özəl sektorun payı 85%-ə yüksəlib, kənd təsərrüfatı 7,2%, qeyri-neft sektoru 3,5%, qeyri-neft sektorunda sənaye 14%, qeyri-neft sektorunda ixrac 15,7% (cəmi ixrac 2 milyard dollar); qeyri-neft sektorundan vergi yığımı 9,2% artıb, həmin vergilərin 76,4%-i özəl sektordan toplanıb. Habelə fərdi sahibkarlıqla məşgul olanların sayı coxalaraq 900 mini ötüb. Özəl sektor iş yerlərini yaradan əsas sektora çevrilib, iş yerlərinin 76,3%-i özəl sektorun payına düşür. Keçən il 98 min yeni iş yeri yaradılıb. 2005-2018-ci illərdə özəl sektor 892 min insanı işlə təmin edib.
Bunlarla yanaşı, Dünya Bankının “Doing Business 2020” hesabatına görə Azərbaycan 2019-cu ildə də dünyanın 20 ən islahatçı ölkələrinin (Çin, Hindistan, Küveyt, Pakistan, Qətər, Özbəkistan, Qırğızıstan və s.) sırasında yer alıb. Alim qeyd edib ki, ölkədə islahatlar davam etdirilməli, yaxın illərdə Azərbaycan iqtisadiyyatı daha da liberallaşdırılmalı, bines mühiti bir qədər də yaxşılaşdırılmalıdır. Cünki ölkənin sosial-iqtisadi inkişafı birbaşa əlverişli biznes mühiti və sahibkarlığın tərəqqisi ilə bağlıdır.
Sonra suallar cavablandırılıb. Professorlar – Nazim Müzəffərli, Şahbaz Muradov, Akif Musayev, İsa Alıyev, dos. Mayis Gülalıyev, i.e.d. Əli Hüseynov və digərləri mövzu ilə bağlı çıxış ediblər, Azərbaycanda sahibkarlığın inkişafı məsələləri ətrafında geniş müzakirələr aparılıb (economics.com.az).