Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Dünya iqtisadi böhranının Azərbaycan iqtisadiyyatına təsirlərinin neytrallaşdırılması istiqamətində tədqiqatlar aparılır

  • Oxunub 695 dəfə

 Məlum olduğu kimi, koronavirus pandemiyası və neft qiymətlərinin kəskin enişi dünya iqtisadiyyatını ən dağıdıcı sosial-iqtisadi böhranlardan birinə düçar etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iqtisadi böhranın mənfi təsirlərini “yumşaltmaq” məqsədi ilə bir sıra mühüm qərarlar qəbul etmiş, onun göstərişləri əsasında hökumət iqtisadi inkişafın dəstəklənməsi üzrə bir sıra proqramlar hazırlamışdır. Antiböhran tədbirləri davam etdirilir.

 Dünyanın əksər iqtisadçı alimləri öz ölkələrinin böhrandan daha az itkilərlə çıxması üçün yollar arayırlar. Bu sahədə Azərbaycan iqtisadçılarının da üzərinə böyük məsuliyyət düşür. Makroiqtisadi sabitliyin qorunması və iqtisadi artımın bərpa olunması, iqtisadiyyatın şaxələndirilməsi, idxalın əvəzlənməsi, dövlətin sosial yükünün yüngülləşdirilməsi ilə bağlı istər ümumiqtisadi, istərsə də sektoral səviyyədə konkret təkliflər əsasında tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır.  Bu qəbil araşdırmaların aparılması, təklif və tövsiyələrin hazırlanıb dövlət idarəetmə orqanlarına təqdim olunması birdəfəlik aksiya deyil və müəyyən müddət ərzində davamlı olaraq həyata keçirilməlidir, çünki ən nikbin proqnozlara görə belə, 2020-ci ildə başlamış qlobal sosial-iqtisadi böhranın nəticələrini dəf etməyə və iqtisadi artım trayektoriyasına qayıtmağa bir neçə il tələb olunacaqdır.

 AMEA İqtisadiyyat İnstitutunun hər bir elmi işçisi – həm adlı-sanlı təcrübəli alimlərimiz, həm də elmi yaradıcılığa təzəcə başlayan gənclərimiz – bu vəzifələrin yerinə yetirilməsinə öz töhfəsini verməyə çalışır. Belə ki, İnstitutda qlobal böhranın Azərbaycan iqtisadiyyatına faktik və potensial təsirlərinin qiymətləndirilməsi, qlobal böhranın Azərbaycanda makroiqtisadi sabitliyə, o cümlədən maliyyə sektoruna mümkün mənfi təsirlərinin neytrallaşdırılması, Azərbaycan iqtisadiyyatının yaxın illər ərzində üzləşə biləcəyi yeni risklər, Azərbaycanda məcmu tələbin və məcmu təklifin dəstəklənməsi (genişləndirilməsi), qlobal böhranın Azərbaycanda ictimai rifaha mümkün təsirləri və onların yüngülləşdirilməsi istiqamətində tədqiqatlar aparılır.

 Hələ 2 həftə əvvəl İnstitutun direktoru, prof. Nazim Müzəffərli elmi əməkdaşlara müraciət edərək apardıqları tədqiqatlar əsasında aprelin 15-dək mülahizə və təkliflərini rəhbərliyə təqdim etmələrini xahiş etmişdi. Bu gün həmin vaxt başa çatır, ümid edirik ki, bütün elmi əməkdaşlar bu işdə fəallıq göstərməklə faydalı mülahizələri və təklifləri ilə çıxış edəcəklər.

 Tədqiqatların nəticələri və təkliflər müvafiq hökumət qurumlarına təqdim olunacaqdır.