"İqtisadi Artım və İctimai Rifah" jurnalı AAK-ın elmi nəşrlərinin siyahısına daxil edilib
- Oxunub 704 dəfə
AMEA İqtisadiyyat İnstitutunun "İqtisadi Artım və İctimai Rifah" jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) 11 dekabr 2020-ci il tarixli qərarı ilə Azərbaycanda dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir. Bu barədə jurnalın baş redaktor müavini, iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev economics.com.az saytına müsahibəsində bildirib.
M.Atakişiyev qeyd edib ki, "İqtisadi Artım və İctimai Rifah" jurnalı iqtisadiyyat sahəsində elmi-nəzəri məqalələrin, araşdırma materiallarının müasir dövrün tələblərinə uyğun formatda nəşrini həyata keçirir. Nəşrin ilk sayı artıq işıq üzü görüb, növbəti sayları üçün məqalələr qəbul olunur. “Elmi əsərlər” jurnalının varisi olan dərgi Azərbaycan Respublikası Әdliyyə Nazirliyində 26.04.2011-ci ildə qeydiyyata alınmışdır (Reyestr № 3402). Habelə beynəlxalq ISSN mərkəzi (Paris) 2020-ci ildə jurnala ISSN kodu vermişdir: ISSN 2707-9309; E-ISSN 2707-9317. Jurnal Internet Archive, Road, Academia.edu, Scribd, Calameo indekslərinə daxildir. Xülasələndirilmə və indeksləşdirilmə davam etməkdədir.
2020-ci ildə jurnalın redaksiya heyətinin üzvləri yenilənmiş, dünyanin nüfuzlu ölkələrinin universitetlərinin iqtisadiyyat üzrə tanınmış iqtisadçı alimləri, akademik və professorlar yeni tərkibə daxil edilmişdir. Jurnalda Azərbaycanda və dünyada mikroiqtisadiyyat, makroiqtisadiyyat, iqtisadi siyasət, regionların sosial-iqtisadi inkişafı, ətraf mühitin iqtisadiyyatı, aqrar iqtisadiyyat, bank işi, vergi, audit, menecment, marketinq, sahibkarlıq, turizm, sosial siyasət, mühasibat uçotu, gömrük və digər iqtisadi məsələlər elmi-nəzəri baxımdan təhlilə cəlb olunur. Azərbaycanın, eləcə də dünyanın aparıcı iqtisadçı alimlərinin elmi nəzəriyyələrinə, bu nəzəriyyələrin həyatımızın müxtəlif sahələrinə tətbiqinin fundamental nəticələrinə, təklif və tövsiyələrinə geniş yer verilir. Məqalələr Azərbaycan, rus, türk və ingilis dillərində çap edilir. Habelə jurnalın elektron variantı İqtisadiyyat İnstitutunun İnternet saytında (economics.com.az) yerləşdirilir ki, burada məqalələrlə elektron qaydada da tanış olmaq mümkündür.
İldə 4 dəfə dərc olunacaq elmi nəşrin baş redaktoru iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli (İmanov), məsul katibi iqtisad üzrə fəlsəfə doktoru, dosent Nəsimi Əhmədovdur.
M.Atakişiyev bildirib ki, "İqtisadi Artım və İctimai Rifah" jurnalında ölkəmizin muasir iqtisadi problemlərinə həsr olunmuş ən aktual elmi əsərlərin dərcinə üstünlük verilir: “Bunu nəzərə alaraq iqtisadçı alimləri, tədqiqatçıları elmi əməkdaşlığa dəvət edir ve xalqımızin rifahı naminə öz elmi əsərləri ilə iqtiasdiyyatımıza sanballı töhfələr verəcəklərinə inanırıq” (economics.com.az).