İqtisadiyyat İnstitutunda “Sənayenin Rəqabətqabiliyyətliliyi İndeksi”nə həsr olunmuş elmi seminar keçirilib
- Oxunub 510 dəfə
Yanvarın 25-də AMEA İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli tədbirin əsas müzakirə mövzusu barədə məlumat verib, məruzəçini təqdim edib.
Seminarda İnstitutun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Şahin Sadıqovun “Sənayenin Rəqabətqabiliyyətliliyi İndeksi”nin (SRİ) təhlili və Azərbaycanın bu indeksdə mövqeyinin yaxşılaşdırılması istiqamətləri” adlı məruzəsi dinlənilib. Tədqiqatçı sənayenin rəqabətqabiliyyətliliyi indeksınin mahiyyəti, onun müəyyən edilməsi metodologiyası və bu indeks üzrə beynəlxalq reytinqdə Azərbaycanın mövqeyi barədə məlumat verib. Qeyd olunub ki, sənayenin rəqabətqabiliyyətlilik indeksi adıçəkilən sektorun ölkənin inkişafına hansı səviyyədə töhfə verməsinin göstəricisidir. Bu indeks ölkə sənayesinin istehsalda və istehsal edilmiş məhsulların daxili və xarici bazarda satışında hansı səviyyədə
müvəffəqiyyətli olduğunu və nəticədə struktur dəyişikliyinə və inkişafına hansı dərəcədə töhfə verdiyini göstərir. SRİ özünə hər biri iki göstərici (subindeks) daxil olmaqla üç sahəni əhatə edir. Bu sahələr aşağıdakılardır: istehsal gücü və ixrac imkanları (bu sahəyə iki göstərici daxildir: adambaşına yaradılmış əlavə dəyər, adambaşına düşən ixrac), texnoloji dərinləşmə və təkmilləşmə (bura sənayeləşmənin intensivliyi və ixracın keyfiyyəti göstəriciləri daxildir) və beynəlxalq təsirlər (bura ölkə sənayesinin dünya üzrə yaradılmış əlavə dəyərə təsiri və ölkə sənayesinin dünya üzrə məhsul ixracının həcminə təsiri göstəricləri daxildir).
Tədqiqat işində dünyanın aparıcı dövlətlərinin sənayesinin durumu haqqında statistik məlumatlara baxılmış, sənayenin rəqabətqabiliyyətliliyi indeksi üzrə beynəlxalq sıralanmadakı vəziyyətlə bağlı və sub indekslər üzrə ölkələrarası, o cümlədən Azərbaycanın mövqeyi üzrə müqayisəli təhlillər aparılmış, respublikamızın vəziyyətinin yaxşılaşdırılması istiqamətində təkliflər irəli sürülmüşdür.
Məruzəçi qeyd edib ki, dünya sənaye məhsulunun 60%-i, sənaye məhsulu ilə ticarətin 44%-i ABŞ, Çin, Yaponiya, Almaniya, Cənubi Koreya və Hindistanın payına düşür. Dünyanın ilk 10 aparıcı dövlətinin dünya ÜDM-də payı 67%, 20 aparıcı dövlətin isə bu göstəricidə payı 81%-dir. Qalan 172 ölkə birlikdə dünya ÜDM-in 1/5 hissəsini verir. 2016-ci ildə ÜDM həcminə gördə dünyada 1-ci olan ABŞ dünya sənaye məhsulunun 10,39%-ni verməklə 2-ci yerdədir. Çin isə dünya iqtisadiyyatında 2-ci aparıcı dövlət olmaqla istehsal və ticarət mərkəzinə çevrilib, dünya sənaye məhsulunun 25%-ni istehsal etməklə 1-ci yerdədir. Yaponiya dünya iqtisadiyyatında 3-cü olmaqla daxili tələbatın zəif olması və yüksək dövlət borcu ilə xarakterizə edilir. Sonrakı yerləri Almaniya, Böyük Britaniya, Hindistan, Fransa, Brazilya, İtaliya, Kanada, Cənubi Koreya, Rusiya və sairə dövlətlər tutur.
Sənayenin rəqabətqabiliyyətlilik indeksində Almaniya 1-ci yerdədir. Yaponiya, Çin və ABŞ sonrakı yerlərdə sıralanıb. Azərbaycan 2015-ci ildə 115, 2016-cı ildə 107, 2017-ci ildə 115, 2018-ci ildə 107-ci yerdə olub. Sənayenin rəqabətqabiliyyətliliyi subindekslərinə gəldikdə isə 2018-ci ildə respublikamız istehsal gücü və ixrac subindeksinə görə 109-cu, texnoloji dərinləşmə və təkmilləşmə subindeksinə görə 137-ci, dünya təsiri subindeksinə görə isə 100-cü yerdədir. Sonuncu subindeksinə görə respublikamız Gürcüstan və Ermənistandan ön sıralarda qərarlaşıb ki, bu da neft və qaz ixracı ilə bağlıdır. Son illər Azərbaycanda qeyri-neft sektorunda, qeyri-neft sənayesində artım meyilləri müşahidə olunur və bu sahədə aparılan islahatlar, stimullaşdırıcı tədbirlər, yerli istehsalın və ixracın dəstəklənməsi ölkənin ixrac potensialının artırılması məqsədlərinə xidmət edir.
Sonra məruzəci sualları cavablandırmış, mövzu ətrafında maraqlı müzakirələr aparılmışdır (economics.com.az).