“Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına ehtimal olunan təsirlərinin qiymətləndirilməsi” mövzusunda elmi seminar keçirilib
- Oxunub 598 dəfə
Fevralın 8-də AMEA İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli tədbirin əsas müzakirə mövzusu və əsas məzruzəçilər barədə məlumat verib.
Seminarda AR İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Arzu Hüseynova “Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına ehtimal olunan təsirlərinin qiymətləndirilməsi” adlı məruzə ilə çıxış edib. Professor qeyd edib ki, kütləvi yayılmış epidemiyaların sosial-iqtisadi inkişafa təsirləri qaçılmazdır. Bu baxımdan dünya təcrübəsində epidemiyaların iqtisadiyyata təsirlərinə müxtəlif aspektlərdən baxılmış və onların qiymətləndirilməsi ilə bağlı müxtəlif yanaşmalardan istifadə edilmişdir. Ölkələrdə karantin rejiminin tətbiqi, ticarət əlaqələrinin dayanması, istehsalın aşağı düşməsi və s. kimi istiqamətlər üzrə dünya iqtisadi sistemi ciddi ziyan görüb. Belə bir şəraitdə Azərbaycan iqtisadiyyatına da ciddi təsirlər özünü göstərir. Qeyd olunanları nəzərə alaraq, müəyyən edilmiş ssenari əsasında yeni növ koronavirus xəstəliyinin Azərbaycan iqtisadiyyatına, xüsusilə də Ümumi Daxili Məhsula (ÜDM) təsirləri həm iqtisadi fəaliyyət növləri üzrə, həm də bütövlükdə iqtisadiyyat üzrə qiymətləndirilmişdir. Beynəlxalq Valyuta Fondunun və Asiya İnkişaf Bankının Azərbaycanla bağlı proqnozları və real vəziyyət, kokonavirusun iqtisadiyyatın müxtəlif sahələrinə mənfi təsirləri, Azərbaycanın COVİD-19 pandemiyasına qədərki və pandemiya dövründə makroiqtisadi mənzərəsi, itirilmiş imkanlar təhlil olunub.
Seminarda AR İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun baş elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Malik Mehdiyev koronavirus təhlükəsinə ən çox məruz qalan sahələrdə idxalın azalmasının iqtisadiyyata və ÜDM-ə təsirinin riyazi modellər əsasında aparılmış qiymətləndirmələr barədə təqdimatla çıxış etdi.
Sonra məruzələr ətrafında suallar cavablandırılmış, habelə iqtisadiyyatın bərpa imkanları, antiböhran tədbirləri, pandemiyanın iqtisadiyyatın ayrı-ayrı sahələrinə real təsirləri və onların aradan qaldırılması imkanları, 2021-2022-ci illər üzrə dünya və ölkə iqtisadiyyatında əsas gözləntilərlə bağlı geniş müzakirələr aparılmışdır (economics.com.az).