Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Sosial Tərəqqi İndeksi üzrə beynəlxalq reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasına həsr olunmuş elmi seminar

  • Oxunub 436 dəfə

 Fevralın 15-də AMEA İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli tədbirin əsas müzakirə mövzusu və məruzəçi barədə məlumat verib.

  Seminarda AMEA İqtisadiyyat İnstitutunun «Xidmət sahələrinin inkişafı problemləri» şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev «Sosial Tərəqqi İndeksi (STİ) üzrə Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması istiqamətləri» adlı məruzə ilə çıxış edib. Professor qeyd edib ki, Sosial Tərəqqi İndeksi (STİ) 2014-cü ildən başlayaraq Harvard Universitetinin professoru M.Porterin rəhbərliyi ilə “Sosial İnkişaf İmperativi” adlı beynalxalq layihə çərçivəsində analitik qrup tərəfindən nəşr olunur. İndeks sosial inkişafı qiymətləndirməyə və cəmiyyətin rifahının ölçüməsinə xidmət edir. İndeksi digər indekslərdən fərqləndirən xüsusiyyət onun iqtisadi göstəricilər üzrə deyil, xalis sosial göstəricilər üzrə hesablanmasıdır. Bu zaman 62% statistik məlumatlardan, 25% ekspert qiymətlədirməsindən və 13% sorğu məlumatlarından istifadə olunur. İndeks iqtisadi inkişaf və sosial tərəqqi arasındakı əlaqəni daha dərindən təhlil etməyə, sosial inkişaf üçün iqtisadi imkanlarından istifadə edərək fərqli ölkələrdə ortaya çıxan uyğunsuzluqların həm obyektiv, həm də subyektiv səbəblərini müəyyənləşdirməyə imkan verir.

 Sosial Tərəqqi İndeksi (STİ) ən mübahisəli və ölçülməsi ən çətin olan indekslərdən biridir. Buna baxmayaraq, bu göstərici yüksək gəlirli və ya az gəlirli, inkişaf etmiş və ya inkişaf edən cəmiyyətlərin imkan bərabərliyini müqayisə etmək üçün əsas şərtlərə kifayət qədər cavab verir. İndeksdə “İnsanın təməl ehtiyacları”, “Rifahın təməli” və “İmkanlar” adlı üç sub indeks fərqləndirilir. Burada insanların əsas ehtiyaclarının nə dərəcədə ödənilməsi, rifahının yaxşılaşdırılması, ekologiyanın, təhsilin, səhiyyənin və s. vəziyyəti araşdırılır. 54 sosial tərəqqini ifadə edən göstəricidən istifadə olunur. Məsələn, “İnsanın təməl ehtiyacları” sub-indeksi üzrə Azərbaycan 163 ölkə arasında 83,40 balla 76-cı yerdədir ki, bu da orta göstəricidən 8,75 bal yüksəkdir.

 Prof. M.Atakişiyev reytinqdə Azərbaycanın mövqeyini yüksəltmək üçün bir sıra təkilflərlə çıxış edib. Bildirib ki,  Sosial Tərəqqi İndeksi üzrə statistik sosial məlumat bazası təkmilləşdirilməlidir. Belə ki, STİ-nin komponentlərinin əksəriyyəti üzrə statistika reallığı tam əks etdirmir, Dövlət Statistika Komitəsi tərəfindən işlənilmir ki, bu da bir çox hallarda şərti məlumatlardan istifadə ilə nəticələnir. Bunlarla yanaşı, ölkədə adambaşına düşən ÜDM artırılmalı, sosial sahibkarlığın inkişafı stimullaşdırılmalı və bu sahədə qanunvericilik bazası formalaşdırılmalı, məhkəmə sistemində ciddi islahatlar aparılmalı, inklüziv artımı təmin etmək məqsədilə mükəmməl institutisional sistem yaradılmalıdır. Habelə sosial tədbirlər məqsədi ilə dövlət büdcəsindən ayrılan xerclər artırılmalı və səmərəlı istifadəsinə nəzarət (anti-korrupsiya tədbirləri) gücləndirilməlidir.

 Sonra məruzə ətrafında suallar cavablandırılmış, geniş müzakirələr aparılmışdır (economics.com.az).