İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib
- Oxunub 413 dəfə
Martın 1-də AMEA İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli tədbirin əsas müzakirə mövzusu barədə məlumat verib, məruzəçini təqdim edib.
Seminarda İnstitutun “İqtisadi tədqiqatların riyazi təminatı" şöbəsinin müdiri vəzifəsini icra edən, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvanə Davudovanın "İstehlak qiymətləri indeksi, istehsal qiymətləri indeksi, adambaşına düşən ÜDM, məzənnə arasındakı əlaqələrin neft qiymətlərinin və pandemiyanın nəzərə alınması ilə dinamik modelləşdirilməsi" adlı məruzəsi dinlənilib. Tədqiqatçı bildirib ki, 2020-ci ilin əvvəllərindən COVİD-19 pandemiyasının təzahürləri böyük iqtisadiyyatlar da daxil olmaqla, bütün ölkələrdə, o cümlədən Azərbaycanda da müşahidə edilir. 2020-ci ilin sonlarına doğru ölkəmizin bir sıra makroiqtisadi indikatorlarının dinamikasındakı dəyişikliklərin miqyası daha nəzərəçarpan oldu. Bu baxımdan ölkəmizin makroiqtisadi göstəricilərinin analizi və proqnozlaşdırılması aktual məsələdir.
Tədqiqat işi neftin qiyməti və pandemiyanın xarici təsirləri kimi götürülməsi ilə istehlak qiymətləri indeksi (CPI), istehsal qiymətləri indeksi (PPI) , adambaşına düşən ÜDM (GDP Per Capita), məzənə (Exchange Rate) arasındakı dinamik əlaqələri ifadə edən modelin qurulmasına və onun təhlilinə həsr olunub. Baxılan məsələ VECM çərçivəsində həll edilib. Dosent R.Davudova bildirib ki, model dəyişənlərinin şoklara cavab reaksiyaları, onların proqnoz qiymətlərinin dəyişməsində digər faktorların təsirləri (%-lə) müəyyənləşdirilib. COVİD-19 pandemiyasıının konkret təsirlərini müəyyənləşdirmək məqsədi ilə makroindikatorların pandemiyaya qədərki və onun təsirini nəzərə alan dinamik modellər üçün qurulmuş müxtəlif ssenarilər əsasında proqnoz qiymətlərinin ətraflı təhlili və müqayisəsi aparılmışdır. Tədqiqatçı nefin qiymətlərinin dəyişməsinin və pandemiyanın iqtisadiyyata və ÜDM-ə təsirini qiymətləndirmiş, təhlillər əsasında proqnozlar vermişdir, habelə bu sahədəki vəziyyətin MDB ölkələri ilə müqayisəsi aparılmışdır.
Sonra məruzəci sualları cavablandırmış, mövzu ətrafında maraqlı və geniş müzakirələr aparılmışdır (economics.com.az).