"Rəqabətqabiliyyətlilik reytinqi və idarəetmənin keyfiyyət komponenti" mövzusunda elmi seminar keçirilib
- Oxunub 503 dəfə
Martın 9-da AMEA İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli tədbirin əsas müzakirə mövzusu və məruzəçi barədə məlumat verib.
Seminarda İnstitutun “İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Gülşən Yüzbaşıyevanın "Rəqabətqabiliyyətlilik reytinqi və idarəetmənin keyfiyyət komponenti" adlı məruzəsi dinlənilib. Tədqiqatçı bildirib ki, Qlobal Rəqabətqabiliyyətlilik İndeksinin məqsədi dünyada hər bir ölkənin iqtisadi inkişaf potensialına uyğun olaraq rəqabətqabiliyyətliliyinin kefiyyətini artırmaqdır. Bu baxımdan inkişafın keyfiyyət komponentinin öyrənilməsi vacib amildir. Yəni söhbət dövlətin iqtisadiyyata müdaxiləsinin artırılmasından deyil, dövlət tənzimlənməsinin, sahibkarlığın və bazar infrastrukturunun dəstəklənməsinin, sənayenin modernləşdirilməsinin və s. kefiyyətinin və effektivliyinin yüksəldilməsindən getməlidir. Dövlətin gücü də xərclərinin həcmində deyil, kefiyyətli idarəetmədədir. Ona görə də dövlət xərclərinin effektiv optimallaşdırılması daha məqəsədəuyğundur.
Prof. G.Yüzbaşıyeva ölkənin rəqabət qabiliyyətinə təsir göstrən əsas amillər, onların başlıca xüsusiyyətləri, ölkənin rəqabət qabiliyyətinin yüksəldilməsi yolları, iqtisadiyyatın strukturunun optimallaşdırılması, dövlətin iqtisadiyyata effektiv müdaxiləsi, iqtisadi inkişaf məqsədilə yüksək texnologiyaların və innovasiyalrın tədbiqinin zəruriliyi, investisiyaların cəlb olunması, pandemiyanın ölkə iqtisadiyyatına və rəqabət qabiliyyətinə təsiri barədə danışıb, Azərbaycanın Qlobal Rəqabətqabiliyyətlilik reytinqində mövqeyinin yüksəldilməsi üzrə mülahizələrini bölüşüb.
Sonra məruzəci sualları cavablandırmış, mövzu ətrafında maraqlı və geniş müzakirələr aparılmışdır (economics.com.az).