“XX əsrin birinci yarısında Azərbaycanın ictimai fikrində iqtisadi portretlər” mövzusunda seminar keçirilib
- Oxunub 622 dəfə
Martın 15-də AMEA İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli tədbirin əsas müzakirə mövzusu və məruzəçi barədə məlumat verib.
Seminarda İnstitutun «İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi» şöbəsinin baş elmi işçisi, iqtisad elmləri doktoru Seyfəddin Səməndərov «XX əsrin birinci yarısında Azərbaycanın ictimai fikrində iqtisadi portretlər» adlı məruzə ilə çıxış edib. Tədqiqatçı bildirib ki, XX əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi və iqtisadi fikir tarixində iki başlıca istiqamət özünü büruzə verirdi. Bunlar milli-maarifçi demokratiya və sosial demokratiya mənsub dünyagörüşlər idi. Hər iki dünyagörüşünün ardıcılıları əsrin əvvəllərində - Hümmət‖ təşkilatını yaradaraq burada təmsil olunmuşdular. Eyni zamanda Azərbaycan dövlətçiliyi ideyası əsrin əvvəllərində dövriyyədə olan milli-mədəni muxtariyyət ideyasından tam müstəqil, beynəlxalq hüquq normalarının subyekti kimi çıxış edən müstəqil dövlətin yaranması ideyasının gerçəkləşdirilməsinə qədər inkişaf yolu keçmişdir.
S.Səməndərov qeyd edib ki, XX əsrin birinci yarısında Azərbaycanda iqtisadi fikir tarixi üç mühüm tarixi mərhələdən keçmişdir. Birinci mərhələni Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixi də adlandırmaq olar. XX əsrin əvvəllərində Azərbaycan ictimai-iqtisadi fikri inqilabi demokratik hərəkatın, sosial demokratik baxışların, marksist fikrin, həmçinin maarifçilik ideyalarının təsiri altında inkişaf edirdi. Bununla belə, Azərbaycan milli ictimai fikrində əsas istiqamət maarifçilik hesab edilir. Maarifçilik hərəkatının əsas qayəsi millətin savadlanması, vətəndaşlıq şüurunun inkişaf etməsi, cəmiyyətin azad düşüncə və müstəqil həyata hazırlanması idi. Ümumiyyətlə, Azərbaycanda maarifçilik hərəkatı XIX əsrdən başlanır və bu hərəkatın ən parlaq nümyayəndələri M.F.Axundov, Həsənbəy Zərdabi və b. hesab olunurlar. XX əsrin əvvəllərində maarfçilik hərəkatı inqilabi demokratik hərəkatın təsiri ilə yeni keyfiyyət və məzmunda inkişaf etməyə başladı. Maarifçilər xalqın maddi rifahının yaxşılaşmasını, ölkənin iqtisadi inkişafını, dövlətin qüvvətlənməsi və siyasi tərəqqisini bilavasitə idarə edənlərin maariflənməsi ilə əlaqələndirirdilər.
İkinci tarixi mərhələ Cümhuriyyət illəridir və bu dövrdə müstəqil Azərbaycan dövlətinin hərbi-siyasi, iqtisadi, mədəni inkişafı məsələləri ilə bağlı Cümhuriyyət ideyalarının daşıycılarının fikirləri xüsusi əhəmiyyət kəsb edir. Üçüncü mərhələ Azərbaycanın sovetləşməsinin ilk on illikləridir. Özünün ideya məzmununa görə araşdırılan dövrdə Azərbaycan mütəfəkkirlərini səsləndirdiyi fikirlərə görə belə qruplaşdırmaq olar: maarifçi demokratlar; sosial demokratlar; milli demokratlar (milli təsərrüfat və milli demokratiya ideyalarının tərəfdarları). Lakin onları birləşdirən bir ümumi cəhət var idi - Azərbaycanın təşəkkülü və inkişafı uğrunda mübarizə aparırdılar.
Sonra məruzəci sualları cavablandırmış, mövzu ətrafında maraqlı və geniş müzakirələr aparılmışdır (economics.com.az).