Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun alimləri AzMİU-da keçirilən elmi konfransda iştirak ediblər

  • Oxunub 538 dəfə

 Aprelin 2-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) onlayn formatında “Qarabağ regionunun iqtisadi və sosial inkişaf problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.  Konfransda respublikamızın bir sıra təşkilatlarının nümayəndələri, nazirliklərin, ali məktəblərin, elmi-tədqiqat institutlarının tanınmış tədqiqatçıları, o cümlədən AMEA İqtisadiyyat İnstitutunun alimləri - i.e.d., professor Akif Musyaev və i.f.d., dos. Ramil Əliyev də iştirak ediblər.

  Konfransın plenar iclasında tanınmış alimlərdən akademik Ziyad Səmədzadə “Qarabağ regionunun iqtisadi-təbii resursları və onlardan səmərəli istifadə məsələləri”, akademik İradə Hüseynova “İşğaldan azad olunmuş ərazilərdə biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının tədqiqi davamlı inkişafın əsasıdır”, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu “İşğaldan azad edilmiş ərazilərin inkişaf strategiyası” və AMEA-nın İqtisadiyyat İnstitutu Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, professor Akif Musayev “İşğaldan azad edilmiş  ərazilərin bərpa  mərhələləri və xərclərin optimallaşdırılması məsələləri” mövzusunda çıxış ediblər. Aktual məsələlərdən bəhs olunan məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 Plenar iclasdan sonra konfrans öz işini 3 bölmədə davam etdirib. Bölmələrdə 90-a yaxın məruzə dinlənilib.