“Müasir geosiyasi gəlişmələr və dolların iflası” mövzusunda seminar keçirilib
- Oxunub 514 dəfə
Aprelin 5-də AMEA İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli tədbirin əsas müzakirə mövzusu və məruzəçi barədə məlumat verib.
Seminarda AMEA Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Dünyamalı Vəliyev «Müasir geosiyasi gəlişmələr və dolların iflası» adlı məruzə ilə çıxış edib. Tədqiqatçı dünyada baş verən geosiyasi və geoiqtisadi proseslər, dünya iqtisadiyyatına və valyuta bazarına təsir göstərən başlıca amillər, ölkələr arasındakı gizli və açıq nüfuz savaşı, rəqabətin güclənməsi, iqtisadi maraqların toqquşması, Yaxın Şərqdə, Avropa və Asiyada baş verən proseslər, hərbi münaqişələr, regional ticarət maraqları, böyük dövlətlərin qlobal idarəetmədə rolu və dünya iqtisadiyyatına təsir imkanları barədə danışıb. Qeyd edib ki, dünyada, xüsusən də Asiya və Şərq ölkələrində qeyri-sabitlik artmaqdadır ki, bu da dünya iqtisadiyyatına, beynəlxalq iqtisadi münasibətlərə, regional bazarlara və ticarətə ciddi təsir göstərir.
Sonra məruzəci sualları cavablandırmış, ABŞ, Çin, Rusiya və Avropa ölkələri arasında nüfuz savaşının dünya iqtisadiyyatına həlledici təsiri, ABŞ dollarının dünya iqtisadiyyatında dominant rolu, ölkələrin beynəlxalq ticarətdə dollardan asılılığı, dollardan imtina ilə bağlı çağırışlar və reallıqlar, beynəlxalq hesablaşmaların müasir durumu, nəzəri təhlillər və praktiki qiymətləndirmələr, əsas gözləntilər ətrafında maraqlı və geniş müzakirələr aparılmışdır (economics.com.az).