Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda “Azərbaycanda regional iqtisadi inkişaf və diversifikasiya” adlı tədqiqatın təqdimatı keçirilib

  • Oxunub 818 dəfə

 İyulun 1-də AMEA İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilmişdir. Tədbirə İnstitutun əməkdaşları ilə yanaşı Rusiyanın Yekatrinburq İqtisad Universitetinin, ADA Universitetinin, Kooperasiya Universitetinin, Mingəcevir Dövlət Universitetinin, Dövlət Vergi Xidmətinin nümayəndələri də qatılıblar. Seminarı giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli tədbirin əsas müzakirə mövzusu və məruzəçi barədə məlumat verib.

 Seminarda İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d., dosent Allahyar Muradov professor Nazim Müzəffərli ilə birgə apardıqları “Azərbaycanda regional iqtisadi inkişaf və diversifikasiya” adlı tədqiqatı təqdim etdi. Bildirdi ki, bu araşdırmada Azərbaycanın bölgələrinin iqtisadi inkişaf səviyyəsi yalnız statik yanaşma üzrə, yəni iqtisadiyyatın faktik durumunu ifadə edən göstəricilər əsasında müqayisə edilir. Bu halda nə iqtisadi inkişafın sürəti (məsələn, iqtisadi artım tempi), nə də iqtisadi inkişafı şərtləndirən amillər (məsələn, əsas kapitala investisiyalar) nəzərə alınmamışdır. Əsas kapitala investisiyalar kimi göstəricilər iqtisadi inkişafın əldə olunmuş cari səviyyəsini səciyyələndirməkdən ziyadə, gələcək “siması” haqqında mülahizə yürütməyə imkan verir. Statik iqtisadi inkişafı səciyyələndirən göstəricilər – əhali sayı üzrə ərazilər arasındakı fərqləri sərf-nəzər etməkdən ötrü adambaşına hesablanmışdır.

Tədqiqatçı qeyd edib ki, regional iqtisadiyyatın sahəvi diversifikasiyası isə sənaye, kənd təsərrüfatı, tikinti və xidmət arasında baylanmasına əsaslanaraq hesablanmışdır. Mütəxəssislər iqtisadi diversifikasiya haqqında adətən ölkələr miqyasında mülahizə yürüdürlər. Bu təbiidir, çünki hər hansı bir ölkədə (xüsusilə nisbətən kiçik ölkədə) ayrı-ayrı bölgələrin bu və ya digər konkret məhsul və xidmətlərin istehsalı sahəsində ixtisaslaşması tamamilə normaldır, yetər ki, bütövlükdə iqtisadiyyat bəlli bir səviyyədə sahəvi şaxələnməyə malik olsun. Lakin iqtisadiyyatın diversifikasiyası təkcə ölkələr üçün yox, onların bölgələri üçün də aktualdır. Bütün bölgələri səbatlı (“sığortalı”) inkişaf edən dövlətin bir tam kimi götürülən iqtisadiyyatı da, təbii ki, səbatlı və xarici təsirlərə qarşı dayanıqlı, sosial baxımdan daha təhlükəsiz olacaqdır. Ona görə də təkcə milli hökumətlər deyil, yerli hakimiyyət orqanları da öz bölgələrində iqtisadiyyatın şaxələndirilməsinə çalışırlar. Ümumən ölkə üzrə olduğu kimi, ölkə regionlarında da məhsul və xidmətlərin əsas sektorlar arasında necə paylanmasını öyrənmək iqtisadi inkişafın səbatlığını və dayanıqlığını qiymətləndirmək baxımından olduqca əhəmiyyətlidir.

Müqayisələr tədqiqatçılar tərəfindən hesablanmış Regional İqtisadi İnkişaf və Diversifikasiya İndeksi əsasında aparılmışdır. Bu, 2 sub-indeksin çəkili ortası kimi hesablanan kompozit göstəricidir. Sub-indekslər bunlardır: İqtisadi inkişafın statik səviyyəsi (İİSS) subindeksi və Sahəvi diversifikasiya (SD) sub-indeksi. Birinci sub-indeks iqtisadiyyatın cari inkişaf səviyyəsini, ikinci isə onun səbatlıq və dayanıqlıq dərəcəsini qiymətləndirir. Birinci sub-indeks 3 göstərici əsasında qiymətləndirilmişdir: adambaşına ümumi məhsul buraxılışı (ÜMB), bir məşğula məhsul buraxılışı ilə ölçülən ictimai əmək məhsuldarlığı (İƏM), iqtisadi fəaliyyətdən adambaşına gəlir (İFG).

 A.Muradov bildirib ki, Azərbaycanın bölgələrində iqtisadiyyatın səbatlığını və dayanıqlığını qiymətləndirmək məqsədi ilə sahəvi diversifikasiyanın səviyyəsi araşdırılmış, bunun üçün “bərabər paylı sahələr” yanaşmasından istifadə olunmuşdur. Bu yanaşma əsasında hər bir iqtisadi rayon, respublika tabeli şəhər və inzibati rayon üçün Sahəvi diversifikasiya sub-indeksi hesablanmışdır. Lakin şəhərlərdə iqtisadi fəaliyyətin sahəvi xüsusiyyətləri nəzərə alınmaqla respublika tabeli 5 şəhər üçün bir qədər fərqli yanaşma tətbiq olunmuşdur. “Azərbaycanda regional iqtisadi inkişaf və diversifikasiya” adlı tədqiqatda rayonlar üzrə qiymətləndirmələr, müqayisələr aparılmış, regional diversifikasiya və onun müsbət, mənfi cəhətləri, müasir regional inkişaf problemləri, tədqiqatların əsas mühüm nəticələri təqdim olunmuş, regionlar və şəhərlər üzrə Regional İqtisadi İnkişaf və Diversifikasiya indeksi hesablanmışdır.

Sonra tədqiqatın müəllifləri sualları cavablandırmış, mövzu ətrafında geniş müzakirələr aparılmışdır (economics.com.az).