Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda “İslam maliyyə təşkilatları: müasir vəziyyət və inkişaf perspektivləri” müzakirə olunub

  • Oxunub 354 dəfə

 Oktyabrın 4-də AMEA İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib. Seminarı giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli tədbirin əsas müzakirə mövzusu və məruzəçi barəsində məlumat verib.

 Seminarda İqtisadiyyat İnstitutunun “İnnovasiya menecmenti və elmin inkişafı problemləri” şöbəsinin aparıcı elmi işçisi,  i.f.d., dosent Emin Məmmədzadə “İslam maliyyə təşkilatları: müasir vəziyyət və inkişaf perspektivləri” adlı məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, islam maliyyə sistemi İslam qanunvericiliyi çərçivəsində gəlir əldə etmək şərti ilə fiziki və hüquqi şəxslərdən əmanətləri qəbul edib, müştərinin və ya öz adından investisiya şəklində yerləşdirən, digər qadağan olunmayan iqtisadi fəaliyyətə yönəldən maliyyə institutları birliyidir. İslam maliyyə sistemi qlobal maliyyə böhranına rəğmən 15-20%-ə kimi analoqu olmayan templərlə inkişaf edir. Hazırda 500-dən çox maliyyə institutu İslam prinsipləri əsasında fəaliyyət göstərir və onların idarə olunan bütün aktivlərin həcmi qlobal miqyasda 3 trilyon dolları keçib . Bəzi iqtisadçılar islam maliyyə sisteminin  (İMS) dinamik artım tempini neft qiymətlərinin yüksək səviyyəsi nəticəsində nağd vəsaitlərin ərəb dövlətlərinə axını ilə əlaqələnirir. Ancaq İMS-in dinamik inkişafı daha çox ənənəvi bankların xidmətlərindən yararlana bilməyən və ya yararlanmaq istəməyən müsəlmanların dindar qisminin artımı ilə əlaqədardır. Məhz bu amil və İMS-in böhrana qarşı davamlılığı ənənəvi bankların şəriət prinsiplərinə uyğun fəaliyyət göstərən filiallar, bölmələr yaratması tendensiyasını daha da sürətləndirib. Bu da özlüyündə islam maliyyəsi üçün qlobal miqyaslı təbliğat rolunu oynadı. İslam banklarının fəaliyyətinin spesifikası onları ənənəvi maliyyə sistemindən mümkün qədər təcrid etdiyi üçün bu institutlar böhranın təsirinə elə də çox məruz qalmadılar. Buna görə də İMS artıq qlobal tendensiya xarakteri daşıyır. Bununla belə, İSM-in qloballaşması qarşısında böyük maneələr də var.

 İMS-nin qlobal miqyasda əsas problemlərindən danışan dos. E.Məmməzadə bildirib ki, ən ciddi məsələ dövlətlərin bu sahə ilə bağlı qanunvericiliyidir. Hazırda yalnız İran və Sudanın bank sisteminə dair qanunları tam İslam qaydalarına əsaslanır. Ərəb dövlətləri ənənəvi bankların öz ərazilərində fəaliyyətinə icazə versələr də, yerli əhali yalnız İslam banklarının xidmətlərindən istifadə edir. Bu da yerli əhalinin daha çox dindar olması ilə bağlıdır. Bu dövlətlər İslam bankları haqqında ayrıca qanun qəbul edib. Belə qanunvericiliyin olmadığı dövlətlərdə isə bu maliyyə institutlarının fəaliyyəti böyük problemlərlə üzləşir. Bunlarla yanaşı, şəriət konvergensiyası İMS-in genişlənməsi qarşısında duran növbəti böyük baryerdir. İslam bankçılğı üçün hələ də vahid beynəlxalq standartlar müəyyən olunmayıb.  Qlobal miqyasda İslam maliyyəsi üzrə biliklərə və bacarıqlara malik mütəxəssislər ənənəvi maliyyəyə sahəsi ilə nisbətdə azdır. İslam banklarını depozitlər üçün sığorta sisteminin olmamasına görə də tənqid edirlər

 Bunlarla belə, E.Məmmədzadə hesab edir ki, bu cür maliyyə institutlarının iqtisadi inkişafda faydası, qlobal böhran və istehsal həcmlərin azalmasının qarşısının alınmasında böyük rolu ola bilər. Xüsusən də, İslam maliyyə təşkilatlarının ənənəvi bankçılıqdan fərqlərini, islam bankçılığının dünyadakı inkişaf meyillərini və artan dinamikasını qeyd edən tədqiqatçı İMS-nin Azərbaycanda tədbiqini və inkişafını perspektivli maliyyə sahəsi kimi qiymətləndirir.  

 Sonra məruzəci sualları cavablandırıb, İslam maliyyəsində bank kreditləşməsi və onun şərtləri, əmanətlərin yerləşdirilməsi, gəlirin əldə olunması və bölünməsi, bu sahədəki sığorta sistemi,  sosial məsuliyyət, dünyada İslam maliyyəsinin inkişafı meyilləri və Azərbaycanda islam bankçılığının perspektivləri ətrafında maraqlı və geniş müzakirələr aparılmışdır (economics.com.az).