Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun gənc elmi əməkdaşı Çində keçirilən beynəlxalq forumda çıxış etmişdir

  • Oxunub 415 dəfə

 Dekabrın 4-də Çin Xalq Respublikasının Pekin şəhərində əyani və online formatda “Demokratiya və ortaq bəşəri dəyərlər” adlı beynəlxalq forum öz işinə başlamışdır. Tədbirin əsas təşkilatçıları Çin Sosial Elmlər Akademiyası və Çin Media Bürosudur. Tədbirin açılış mərasimində ÇXR Prezidenti Si Cinpin (Xi Jinping) video formatda beynəlxalq forumun əhəmiyyətindən söz açıb.

 Beynəlxalq Forumda ÇXR-in hökümət nümayəndələri, onlarla xarici təşkilat rəhbərləri, tanınmış alimlər və gənc tədqiqatçılar qatılıblar. Tədbirdə demokratiyanın əsas prinsipləri, ÇXR-ın bu sahədə əldə etdiyi nailiyyətlər, ölkələrdə siyasi sabitlik, sosial tərəqqi, iqtisadi inkişaf, yoxsul ölkələrdə rifah səviyyəsinin yüksəldilməsi, insan dəyərlərinə yeni baxışlar və s. maraqlı mövzularda müzakirələr aparılır.

 Dekabrın 8-də beynəlxalq forumun “Demokratiya və iqtisadi inkişaf” bölməsi üzrə AMEA İqtisadiyyat İnstitutunun “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsinin elmi işçisi Əkbər Hüseynov “Azərbaycanla Çin arasında iqtisadi əlaqələrin inkişafında gələcək perspektivlər” adlı təqdimatla çıxış edib. O ordumuzun 44 günlük Vətən müharibəsindəki zəfərindən sonra ölkəmizin siyasi-iqtisadi qüdrətinin daha da artmasından, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının potensial iqtisadi resurslarının zənginliyindən danışıb. Habelə Azərbaycanda enerji sektorundakı yeni nailiyyətlərdən, ölkəmizin ÇXR ilə artan iqtisadi əlaqələrindən, ölkəmizdə yeni nəsil texnologiyaların tətbiqinin sürətləndirilməsinin vacibliyindən bəhs edib, ona ünvanlanmış sualları cavablandırıb.

 Qeyd edək ki, Ə.Hüseynov bu tədbirə Azərbaycan-Çin elmi əlaqələrinin inkişafında gənc alim kimi fəallığına görə Çin Sosial Elmlər Akademiyasının vitse-prezidenti tərəfindən dəvət edilmişdir. Beynəlxalq Forum öz işini dekabrın 14-də yekunlaşdıracaq.

 Ə.Hüseynovun video formatda təqdim etdiyi çıxışla aşağıdakı link vasitəsi ilə tanış ola bilərsiniz.

  https://www.youtube.com/watch?v=5KACTsy59VI