İqtisadiyyat İnstitutunda magistrantlara Sosial Tərəqqi İndeksi reytinqi üzrə təlim keçilib
- Oxunub 387 dəfə
AMEA İqtisadiyyat İnstitutunda Bakı Biznes Universitetinin magistrantları üçün təcrübə-təlim kursları davam edir. Martın 15-də BBU-nun 15 magistrantının iştirak etdiyi kursda İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.f.d., dosent Rəsmiyyə Abdullayeva Sosial Tərəqqi İndeksi reytinqi üzrə təlim keçib. Bu reytinqin əsas fəlsəfəsi, metodologiyası, başlıca xüsusiyyətləri, əhəmiyyəti, mənfi və müsbət cəhətləri, reytinqə təsir göstərən amillər barədə geniş məlumat verilib. Habelə suallar cavablandırılıb, maraqlı müzakirələr aparılıb.
Xatırladaq ki, AMEA İqtisadiyyat İnstitutu ilə Bakı Biznes Universiteti (BBU) arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən BBU-nun tələbə və magistrantları İqtisadiyyat İnstitutunda “Beynəlxalq müqayisəli iqtisadi tədqiqatlar” mövzusunda təcrübə-təlim kursu keçirlər. İlk təlimi prof. Nazim Müzəffərli “Ölkələrarası iqtisadi müqayisələr niyə və necə aparılır?” mövzusunda keçib. Təlimlər davam edir. Yüksək nəticə göstərənlərə AMEA İqtisadiyyat İnstitutunun sertifikatı təqdim olunacaq. Təcrübə-təlim kursunun yüksək səviyyədə təşkil edilməsi üçün İnstitutun şöbə müdiri, i.e.d., professor Müşfiq Atakişiyev səlahiyyətli şəxs təyin olunub.
Müqaviləyə əsasən təlim kursları ödənişlidir, buna görə BBU İqtisadiyyat İnstitutuna vəsait ödəyəcək. Bu, özəl universitetlə AMEA İnstitutu arasında haqqı ödənilmək şərti ilə tələbə və magistrantlara ixtisas üzrə təşkil olunan təlim olaraq Azərbaycanda ilk təcrübədir. Təlimləri İqtisadiyyat İnstitutunun alimləri keçirlər. Universitetin tələbə və magistrantları İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat işləri ilə də tanış olmaq imkanı qazanıblar. Son 3 ildə beynəlxalq reytinqlər üzrə araşdırmalar aparan, kitablar nəşr edən, müvafiq hökumət qurumlarında ekspert qismində təmsil olunan İqtisadiyyat İnstitutu bu sahədə peşəkar elmi təcrübəyə malikdir (economics.com.az).