Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda magistrantlara İqtisadi Azadlıq İndeksi reytinqi üzrə təlim keçilib

  • Oxunub 410 dəfə

AMEA İqtisadiyyat İnstitutunda Bakı Biznes Universitetinin magistrantları üçün təcrübə-təlim kursları davam edir. Martın 17-də BBU-nun 15 magistrantının iştirak etdiyi kursda İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinun rəhbəri, professor Akif Musayev, Təhsil şöbəsinin müdiri Mirvari Qəzənfərli və “İqtisadi tədqiqatların riyazi təminatı" şöbəsinin müdiri, dosent Rəvanə Əsədova İqtisadi Azadlıq İndeksi reytinqi üzrə təlim keçiblər. Prof. A.Musayev reytinq haqqında ümumi məlumat verib, M.Qəzənfərli inkişaf etməkdə olan ölkələrlə müqayisələr aparıb, R.Əsədova isə klaster analizindən istifadə ilə ölkələrin təsnifləşdirilməsi barədə danışıb. Habelə suallar cavablandırılıb, maraqlı müzakirələr aparılıb.

 

 Xatırladaq ki, AMEA İqtisadiyyat İnstitutu ilə Bakı Biznes Universiteti (BBU) arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən BBU-nun tələbə və magistrantları İqtisadiyyat İnstitutunda “Beynəlxalq müqayisəli iqtisadi tədqiqatlar” mövzusunda təcrübə-təlim kursu keçirlər. İlk təlimi prof. Nazim Müzəffərli “Ölkələrarası iqtisadi müqayisələr niyə və necə aparılır?” mövzusunda keçib. Təlimlər davam edir. Yüksək nəticə göstərənlərə AMEA İqtisadiyyat İnstitutunun sertifikatı təqdim olunacaq. Təcrübə-təlim kursunun yüksək səviyyədə təşkil edilməsi üçün İnstitutun şöbə müdiri, i.e.d., professor Müşfiq Atakişiyev səlahiyyətli şəxs təyin olunub. 

 Müqaviləyə əsasən təlim kursları ödənişlidir, buna görə BBU  İqtisadiyyat İnstitutuna vəsait ödəyəcək. Bu, özəl universitetlə AMEA İnstitutu arasında haqqı ödənilmək şərti ilə tələbə və magistrantlara ixtisas üzrə təşkil olunan təlim olaraq Azərbaycanda ilk təcrübədir. Təlimləri  İqtisadiyyat İnstitutunun alimləri keçirlər. Universitetin tələbə və magistrantları İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat işləri ilə də tanış olmaq imkanı qazanıblar. Son 3 ildə beynəlxalq reytinqlər üzrə araşdırmalar aparan, kitablar nəşr edən, müvafiq hökumət qurumlarında ekspert qismində təmsil olunan İqtisadiyyat İnstitutu bu sahədə peşəkar elmi təcrübəyə malikdir (economics.com.az).