Bakı Biznes Universitetinin magistrantlarına AMEA İqtisadiyyat İnstitutunun sertifikatı verilib
- Oxunub 522 dəfə
Aprelin 7-də AMEA İqtisadiyyat İnstitutunda yüksək səviyyədə təcrübə-təlimi keçmiş Bakı Biznes Universitetinin magistrantlarına İqtisadiyyat İnstitutunun sertifikatının təqdimatı mərasimi keçirilib.
Bakı Biznes Universitetinin (BBU) rektoru, i.e.d., professor İbad Abbasovun da iştirak etdiyi tədbiri AMEA İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərli açıb. Magistrantlarla təcrübə-təlimi və onun yekun nəticələri ətrafında maraqlı müzakirələr aparılıb.
1 ay müddətində İqtisadiyyat İnstitutunun alimləri tərəfindən “Beynəlxalq müqayisəli iqtisadi tədqiqatlar” mövzusunda keçirilən təlimlərdə BBU-nun 15 magistrantı iştirak edib. Onlar üçün dünyada iqtisadiyyat sahəsində məşhur beynəlxalq müqayisəli reytinqlər və bu sahədə aparılan tədqiqatlarla bağlı təlimlər, praktiki məşğələlər təşkil olunub. Təlimlərin sonunda onların aldıqları biliklər qiymətləndirilib. Yüksək nəticə göstərən magistrantlara AMEA İqtisadiyyat İnstitutunun sertifikatını prof. Nazim Müzəffərli təqdim edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.
Xatırladaq ki, təcrübə-təlim kurslarının keçirilməsi üçün AMEA İqtisadiyyat İnstitutu ilə Bakı Biznes Universiteti (BBU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Təcrübə-təlim kursunun yüksək səviyyədə təşkil edilməsi üçün İnstitutun şöbə müdiri, i.e.d., professor Müşfiq Atakişiyev səlahiyyətli şəxs təyin olunub.
Müqaviləyə əsasən ödənişli olan təlim kursları üçün BBU İqtisadiyyat İnstitutuna vəsait ödəyib. Bu, özəl universitetlə AMEA İnstitutu arasında haqqı ödənilmək şərti ilə tələbə və magistrantlara ixtisas üzrə təşkil olunan təlim olaraq Azərbaycanda ilk təcrübədir. Universitetin magistrantları İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat işləri ilə də tanış olmaq imkanı qazanıblar. Son 3 ildə beynəlxalq reytinqlər üzrə araşdırmalar aparan, kitablar nəşr edən, müvafiq hökumət qurumlarında ekspert qismində təmsil olunan İqtisadiyyat İnstitutu bu sahədə peşəkar elmi təcrübəyə malikdir (economics.com.az).