AMEA-nın İctimai Elmlər Bölməsində professor Tofiq Hüseynovun məruzəsi dinlənilib
- Oxunub 454 dəfə
İyulun 5-də AMEA-nın İctimai Elmlər Bölməsinin (İEB) Elmi şurasının növbəti iclası keçirilib. İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyi barədə məlumat verib, “Elmi fəaliyyətin vahid mərkəzdən idarəedilməsi dövrün tələbidir” mövzusunda məruzənin dinləniləcəyini bildirib.
Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun baş direktoru, prof. Nazim Müzəffərli (İmanov), icraçı direktor, prof. Müşfiq Atakişiyev, baş menecer Şakir Alıyev, elmi katib, dos. Leyli Allahverdiyeva və xüsusi elmi-tədqiqat layihələri üzrə baş direktorun müşaviri, dos. Allahyar Muradov da iştirak ediblər.
İclasda AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, Əməkdar iqtisadçı, iqtisad elmləri doktoru, professor Tofiq Hüseynovun “Elmi fəaliyyətin vahid mərkəzdən idarəedilməsi dövrün tələbidir” mövzusunda məruzəsi dinlənilib.
Professor Tofiq Hüseynov çıxışında bildirib ki, 2003-cü ilin əvvəllərində ölkə Prezidentinin Fərmanı ilə AMEA-ya Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, respublikadakı bütün elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən ali dövlət elmi təşkilatı statusu verilib: “Bu müddəa 2016-ci ildə qəbul edilmiş “Elm haqqında” Qanunda və ölkə Prezidentinin 21 iyul 2017-ci il tarixli Fərmanında da təsbit edilib. Hesab edirəm ki, bu status AMEA-nın mərkəzi idarəetmə orqanına çevrildiyini ehtiva edir”.
Onun sözlərinə görə, bununla da Azərbaycanda elmin inkişafını və onun nailiyyətlərinin iqtisadiyyata tətbiq edilməsini təşkil edən vəzifələr Akademiyanın qarşısında qoyulub. Beləliklə, mərkəzi icra hakimiyyəti orqanı kimi innovasiyalı iqtisadiyyatın formalaşdırılmasında Milli Elmlər Akademiyasının aparıcı rolu müəyyənləşdirilib.
Professor Tofiq Hüseynov onu da vurğulayıb ki, ölkə başçısının 4 may 2009-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” təsdiqlənib. Alim qeyd edib ki, strategiyanın əsas məqsədləri sırasında ölkənin iqtisadi inkişafında elmin rolunun artırılması və bütövlükdə elmin maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi də əks etdirilib: “Elm sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətlərindən biri kimi strategiyada ölkənin elmi-tədqiqat müəssisələrində həyata keçirilən tədqiqatların vahid mərkəzdən idarə olunması modelinin tətbiqi nəzərdə tutulub. Bu səlahiyyətin də AMEA-ya verilməsi göstərilib”.
Alimin fikrincə, 2015-ci ilə qədər strategiyada bütövlükdə elmin maliyyələşdirilməsi mexanizmi kimi fundamental, humanitar və ayrı-ayrı prioritet tədqiqatların dövlət büdcəsindən maliyyələşdirilməsinin dövlət sifarişi formasında həyata keçirilməsinin təmin olunması hədəflənib. O, AMEA tərəfindən ölkədə aparılan elmi tədqiqatların koordinasiyasının və ona nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb. Məruzəçi çıxışının sonunda Akademiyanın gələcək inkişafı istiqamətində öz konkret təkliflərini irəli sürüb.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.