“Azərbaycanda peşə təhsili sisteminin inkişafı və məşğulluğa təsirinin artırılması” mövzusunda dissertasiya işi müdafiə olunub
- Oxunub 269 dəfə
Sentyabrın 28-də İqtisadiyyat İnstitutunun prof. N.Müzəffərlinin sədri olduğu Dissertasiya Şurasında fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üzrə iclas keçirilib.
Professor Müşfiq Atakişiyevin sədrlik etdiyi iclasda İntizar Mirzəli qızı Qurbanovanın (5312.01 - “Sahə iqtisadiyyatı” ixtisası üzrə) “Azərbaycanda peşə təhsili sisteminin inkişafı və məşğulluğa təsirinin artırılması” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi rəhbər i.e.d., prof. G.Əzizova).
Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunun Demoqrafiya və məşğulluq problemləri şöbəsində yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra İ.Qurbanova dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.
Sonda İ.Qurbanovanın dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).