Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi seminarda “Azərbaycan və Ümumdünya Ticarət Təşkilatı” mövzusunda müzakirələr aparılıb

  • Oxunub 472 dəfə

 Noyabrın 21-də İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib. İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən tədbirə bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.

  Seminarda İqtisadiyyat İnstitutunun Aqrar sektorun iqtisadi problemləri şöbəsinin aparıcı elmi işçisi, i.f.d., dosent Yunus Sadıqov “Azərbaycan və Ümumdünya Ticarət Təşkilatı (ÜTT)”  mövzusunda təqdimatla çıxış edib. Məruzəçi bildirib ki, ÜTT inkişaf etmiş dövlətlərin təşəbbüsü ilə 1995-ci ildə yaranmışdır. Təşkilatın qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Hazırda ÜTT-nin 164 üzvü var. 22 ölkə və bir neçə beynəlxalq təşkilat ÜTT-də müşahidəçi statusuna malikdir. Azərbaycanın ÜTT-yə üzv olma istəyini əks etdirən müraciət 1997-ci ildə ÜTT Katibliyinə təqdim edilmiş və İşçi Qrup yaradılmışdır. Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı çoxtərəfli danışıqlar qeyd edilən İşçi Qrup çərçivəsində aparılır.

 Y.Sadıqov qeyd edib ki, Azərbaycanın ÜTT-yə daxil olması ölkə iqtisadiyyatının inkişafı, onun dünya iqtisadiyyatına inteqrasiyası, birbaşa xarici investisiyaların çəlb edilməsi üçün çox önəmlidir. ÜTT-nin məqsədi beynəlxalq ticarətin liberallaşdırılması və üzv olan dövlətlərin ticarət və siyasi əlaqələrinin tənzimlənməsidir. Onun əsas vəzifəsi beynəlxalq ticarətin ümumi prinsiplərini qurmaq və üzv ölkələrin onlara əməl etməsini aşılamaqdır. Beynəlxalq əmək bölgüsünə əsaslanan dünya ticarəti ona üzv olan bütün ölkələrə fayda gətirdiyindən, ölkənin ÜTT-yə daxil olması bu faydaların maksimum dərəcədə artmasına əhəmiyyətli şərait yaradacaqdır. ÜTT-nin yanaşmasına görə, yalnız iqtisadi azadlıq və ölkələr arasında beynəlxalq münasibətlərdə, beynəlxalq ticarətdə bərabərlik ölkənin sosial-iqtisadi yüksəlişinə kömək edir.

 Uzun müddətdir ki, Azərbaycanın ÜTT-yə daxil olması məsələsi elmi dairələrdə və mediada fəal şəkildə müzakirə olunur. Mütəxəssislərin, iqtisadçı-alimlərin fikirləri iki qismə bölünür: bəziləri ÜTT-yə üzvlüyü faydalı, digərləri isə ziyanlı hesab edirlər. Əleyhidarları ən çox yerli istehsalçıların müdafiəsi məsələsi narahat edir. Onlar belə hesab edirlər ki, idxal rejiminin liberallaşdırılması, yerli istehsalçılar üçün fiskal və digər güzəştlərin zaman-zaman azaldılması, ləğvi ölkənin iqtisadiyyatı üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər, daxili bazarı keyfiyyətsiz, ucuz idxal malları ilə doldura, inkişaf etmiş dövlərlər üçün xammal ölkəsinə çevirə bilər. Ancaq Azərbaycanın ÜTT-yə üzv olmasının tərəfdarı olduğunu bildirən tədqiqatçı Y.Sadıqov bu yöndə öz arqumentlərini səsləndirib, prosesin müsbət və mənfi cəhətləri barədə danışıb. Onun fikrincə, əslində Azərbaycanın gələcəkdə ÜTT-yə üzv olması dövlət tənzimləmə üsullarına yeni mahiyyət verəcək, iqtisadiyyatın xaricə açılması və ticarətin liberallaşdırılması ümumilikdə ölkə iqtisadiyyatının inkişafına güclü təkan olacaqdır.

 Sonra seminarda mövzu üzrə geniş müzakirələr aparılıb, suallar cavablandırılıb. Professorlar Nazim Müzəffərli, Fuad Qənbərov, İsa Alıyev, Müşfiq Atakişiyev, Tərbiz Əliyev və digər çıxış edənlər Azərbaycanın Ümumdünya Ticarət Təşkilatı ilə əməkdaşlığının əsas xarakterik xüsusiyyətləri, perspektivləri məsələlərinə öz münasibətlərini bildiriblər (economics.com.az).