Elmi seminarda “Azərbaycanın Almaniya ilə xarici iqtisadi əlaqələri” müzakirə olunub
- Oxunub 323 dəfə
Dekabrın 19-da İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib. İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən tədbirə bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.
Seminarda İqtisadiyyat İnstitutunun keçmiş doktorantı, i.f.d. Günay Əliyeva “Azərbaycanın Almaniya ilə xarici iqtisadi əlaqələri” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi Azərbaycanın Almaniya ilə xarici ticarət əlaqələri, faktiki ixrac və idxalın strukturu, ixracda müqayisəli üstün sahələr və ixrac potensialı, Almaniya insvestisiyalarının ölkəmizə çəlb olunması məsələləri barədə danışıb.
G.Əliyeva qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ölkələri, xüsusilə Almaniya ilə əməkdaşlığın inkişafına böyük önəm verir. Azərbaycanın Avropa məkanı, o cümlədən Almaniya ilə iqtisadi əlaqələri 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdiyi dövrdən qurulmağa başlamışdır. Azərbaycanda neft gəlirləri və böyük investisiya layihələri sayəsində başlanan iqtisadi əməkdaşlıq Almaniya ilə iqtisadi əlaqələrdə də özünü göstərir. Azərbaycan bu gün Almaniya üçün Qafqazda ən vacib iqtisadi tərəfdaşdır. 2012-ci ildə Almaniya-Azərbaycan Ticarət Palatasının təsis olunması ilə iqtisadi münasibətlər sabit institusional çərçivəyə keçirilmişdir. Azərbaycan və Almaniya arasında birgə iqtisadi əməkdaşlıq və digər fəaliyyət haqqında 70-dən çox sənəd imzalanıb. Azərbaycanda indiyədək 154 Almaniya şirkəti qeydiyyatdan keçib və 100-ə yaxın alman müəssisəsi fəaliyyət göstərir. Almaniya şirkətləri dövlət əsaslı layihələrdə podratçı qismində də iştirak edirlər. İki ölkə arasında illik ticarət dövriyyəsi təxminən 350-400 mln. avro təşkil edir. Almaniyadan əsasən avtomobillər, dəmir və polad məmulatları, istehsal avadanlıqları gətirilir. Azərbaycan və Almaniya investisiya sahəsində də əməkdaşlıq edir. Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 572 mln. dollar, Azərbaycan tərəfindən isə bu ölkəyə 124 mln. dollar investisya yatırılıb.
G.Əliyeva apardığı tədqiqatlar əsasında “Azərbaycanın Almaniya ilə xarici iqtisadi əlaqələri” mövzusunda monoqrafiya qələmə alıb. Əsərdə Almaniya iqtisadiyyatının müasir vəziyyəti və inkişaf dinamikası Azərbaycan da daxil olmaqla onunla iqtisadi-ticarət əlaqələrinə malik olan ölkələrin timsalında kompleks və sistemli təhlil edilib, Almaniyanın xarici ticarət əlaqələrinin coğrafi və əmtəə strukturunun formalaşması xüsusiyyətləri araşdırılıb. Habelə Almaniya ilə iqtisadi və ticarət əlaqələrinin Azərbaycanın iqtisadi inkişafına təsiri, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətləri və prioritetləri, Azərbaycanda ixrac potensialı və perspektivi olan əmtəə qruplarının müəyyənləşdirilməsi üçün idxalı əvəz edən məhsullar üzrə ixracyönlü istehsalın inkişaf imkanları araşdırılıb.
Burada əldə edilən əsas nəticə - qlobal iqtisadiyyatın Almaniyanın ticarət əlaqələrindən asılılığının kəmiyyətcə qiymətləndirilməsi, Azərbaycanın xarici ticarət əlaqələrinin effektivliyinin, coğrafi və texnoloji mürəkkəblik səviyyəsinin kəmiyyətcə qiymətləndirilməsi və bu əsasda ölkənin Almaniya bazarında rəqabətlilik imkanlarının müəyyən edilməsidir. Aparılmış tədqiqata görə Almaniya, həmçinin Avropanın və digər regionların inkişaf etmiş və inkişaf etməkdə olan bazarlarının geniş çeşiddə əmtəələrə tələbi vardır və böyük potensialı olan Azərbaycan bu planları reallaşdırmaq imkanına malikdir.
Sonra seminarda mövzu üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb (economics.com.az).