Elmi seminarda toxuculuq və dəri məhsulları istehsalının rəqabətqabiliyyətli inkişaf potensialı müzakirə olunub
- Oxunub 294 dəfə
Dekabrın 26-da İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib. İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən tədbirə bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.
Seminarda İqtisadiyyat İnstitutunun Sənaye siyasəti və investisiya problemləri şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Şahin Sadıqov “Toxuculuq və dəri məhsulları istehsalının rəqabətqabiliyyətli inkişaf potensialı və ondan səmərəli istifadə yolları” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi Azərbaycanda toxuculuq və dəri məhsulları istehsalının müasir vəziyyəti, həmin məhsullar üzrə idxal və ixrac, istehsalın artırılması və ixrac potensialı, daxili bazarın qorunması, biznes mühiti, xammal bazası, bazarda tələb və təklif, müəssisələrin rəqabət qabiliyyətinin artırılması yolları, investisiyaların təşviqi, bu sektora dövlət dəstəyinin göstərilməsi məsələləri barədə danışıb. Habelə ölkədə toxuculuq və dəri məhsulları istehsalının inkişafı sahəsindəki əsas problemlər qeyd olunub və onların həlli üzrə təkliflər səsləndirilib.
Tədqiqatçı Ş.Sadıqov hesab edir ki, ilk növbədə yerli istehsalın inkişafı iqtisadi vasitələrlə həvəsləndirilməli, ona güzəşt və imtiyazlar verilməlidir. Xüsusən də aşağı faizli və uzunmüddətli kreditlərə əlçatanlığın təmin edilməsi, ixraca görə dövlət tərəfindən əlavə ödənişlərin verilməsi (ixracın həvəsləndirilməsi), reklam və marketinq xərclərinin bir hissəsinin dövlət tərəfindən kompensasiya olunması, dəri emalı və dəri məmulatları, ayaqqabı istehsalı sahəsinin konkret məhsullarının (emal edilmiş gön-dəri kimi məhsullar) müəyyən müddətə ƏDV-dən azad edilməsi, yerli istehsalın dövlət tərəfindən dəstəklənməsi faydalı ola bilər. Habelə idxal edilən istehsal təyinatlı texnikanın tam olaraq idxal rüsumu, vergi və digər məcburi ödənişlərdən azad edilməsi məqsədəuyğundur. Toxuculuq və dəri məhsulları istehsalının, ixracının stimullaşdırılması üçün müxtəlif təşviq mexanizmlərinin tədbiqi və dövlət-biznes əməkdaşlığının genişləndirilməsi təklif olunur.
Sonra seminarda mövzu üzrə geniş müzakirələr aparılıb, suallar cavablandırılıb (economics.com.az).