Elmi Seminarda Avrasiya İqtisadi İttifaqı və Azərbaycanın iqtisadi maraqları müzakirə olunub
- Oxunub 312 dəfə
Yanvarın 23-də İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib. İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən tədbirə bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.
Seminarda İqtisadiyyat İnstitutunun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin aparıcı elmi işçisi, i.f.d., dosent Emin Məmmədzadə “Avrasiya İqtisadi İttifaqı və Azərbaycanın iqtisadi maraqları: gerçəkliklər və perspektivlər” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi Avrasiya İqtisadi İttifaqının yaranma tarixinə və bütövlükdə ötən dövrdəki fəaliyyətinə geniş nəzər salıb, təhlil və qiymətləndirmələr aparıb.
Azərbaycanın Avrasiya İqtisadi İttifaqına mümkün üzvlük məsələsinin üstün və zəif cəhətlərinə diqqət çəkən tədqiqatçı E.Məmmədzadə hesab edir ki, indiki şəraitdə ölkəmizin bu təşkilata qatılması iqtisadi maraqlarımıza cavab vermir. Çünki Avrasiya İqtisadi İttifaqı təşkilatı qarşılıqlı real faydalı iqtisadi əməkdaşlıq maraqlarından daha çox siyasi maraqlar üzərində qurulub, habelə bu ittiqfaqa daxil olan ölkələrdə, o cümlədən Rusiyada vəziyyət Ukrayna ilə müharibə və sanksiyalar səbəbindən heç də yaxşı deyil. Azərbaycanın öz maraqlarına cavab verən müstəqil iqtisadi siyasət yeritməsi, digər beynəlxaq və regional qurumlarla əməkdaşlığı genişləndirməsi, xüsusən də türk dövlətləri ilə son illər artmaqda olan iqtisadi tərəfdaşlıq və ticarət əlaqələri daha düzgün və faydalı strategiyadır. Mövcud gerçəkliklər və gələcək perspektivlər də bunu diqtə edir.
Sonra seminarda Avrasiya İqtisadi İttifaqı və Azərbaycanın iqtisadi maraqları ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb. (economics.com.az).