Elmi seminarda xarici iqtisadi əlaqələrin inkişafında gömrük-tarif tənzimlənməsi müzakirə olunub
- Oxunub 401 dəfə
Fevralın 27-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib. İnstitutun icraçı direktoru, i.e.d., professor Müşfiq Atakişiyevin sədrliyi ilə keçirilən tədbirə bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.
“Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi” şöbəsinin aparıcı elmi işçisi, i.f.d., dosent Təbriz Yadigarov “Xarici iqtisadi əlaqələrin inkişafında gömrük-tarif tənzimlənməsinin qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış edib. Seminarda xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsinin əhəmiyyətini şərh edən məruzəçi dövlət büdcənin gəlirlərinin formalaşma mənbəyi kimi gömrük tarifi-tarif tənzimlənməsinin xarici iqtisadi əlaqələrin inkişafına təsirinin qiymətləndirilməsinin aktuallığı əsaslandırıb. Tədqiqatçı tərəfindən gömrük-tarif tənzimləməsində, xarici ticarəti tənzimləmək üçün istifadə olunan vasitələr kimi malların mənşə ölkəsinin, gömrük dəyərinin və gömrük rüsumları təyin edilməsi sxemi tərtib edilərək, cəmiyyətin və bazar münasibətlərinin inkişafının indiki mərhələsində iki növ gömrük tarifinin (sadə və mürəkkəb) tətbiqində səmərəli ticarət siyasətinin həyata keçirməsi ilə yanaşı, büdcə gəlirlərinin artırılmasında optimal gömrük-tarif tənzimlənməsinin rolu statistik məlumatlar əsasında təhlil edilərək, iqtisadi artıma təsiri qiymətləndirilmişdir.
Tədqiqat işində həmçinin xarici ticarət əməliyyatlarında güzəştli (imtiyazlı) rüsumlarla bağlı məsələlər geniş şərh edilməklə bərabər, Azərbaycanda gömrük-tarif tənzimlənməsində gömrük rüsumlarının dərəcələrinin səviyyəsi ilə ölkənin inkişaf səviyyəsi arasındakı qanunauyğunluq EViews-12 proqram paketinin tətbiqi ilə təhlil olunub. Müəyyən edilib ki, Azərbaycanda ixrac üzrə iqtisadiyyatın açıqlıq dərəcəsini ifadə edən ixrac kvotasının artması, tarazlı xarici iqtisadi əlaqələrin inkişaf səviyyəsini xarakterizə edən balanslı xarici ticarət fəaliyyəti əmsalının artmasına, idxal kvotasının artması isə əksinə onun azalmasına səbəb olur. Orta tarif dərəcəsinin 1% artması tarazlı xarici iqtisadi əlaqələrin inkişaf səviyyəsini xarakterizə edən balanslı xarici ticarət fəaliyyəti əmsalının 0,068 % azalmasına səbəb olur. Tədqiqat işində həmçinin gömrük tarif tənzimlənməsinin ölkəmizin tərəfdaş ölkələrlə assosiatif fəaliyyəti ixrac və idxal əməliyyatları üzrə entropiyanın tətbiqi ilə qiymətləndirilərək müstəqil idxal siyasəti yeritmək sahəsində Azərbaycanın potensial imkanları hesablanmışdır. Xarici ticarət indikatorları üzrə idxal və ixrac əməliyyatları xərcləri, bu əməliyyatlara sərf edilən vaxt bəzi ölkələrlə, o cümlədən, Türkiyə, Gürcüstan və Danimarka ilə müqayisə edilərək qiymətləndirilmiş və 2030-cu ilədək tarazlı xarici iqtisadi əlaqələrin inkişaf səviyyəsi Eviws-12 proqram paketinin tətbiqi ilə proqnozlaşdırılmışdır. Müəyyən edilmişdir ki, iqtisadiyyatın açıqlıq dərəcəsi Astana həddindən 8% aşağıdır. Əgər bu göstərici 70 faizdən artıq olarsa, digər bərabər səviyyəli ölkələrin Azərbaycanın iqtisadiyyatına müdaxiləsinin artması ilə nəticələnə bilər.
Qeyd edilmişdir ki, idxal olunan malların XİFMN üzrə müxtəlif mal mövqelərinə tətbiq edilən advalor gömrük rüsumlarının tarif dərəcələri ilə bölgüsündə, tarif dərəcəsi XİFMN üzrə alt yarımmövqelərin sayı, 0% , 5% və spesifik yarımmövqe ilə müqayisədə 15% dərəcəsi ilə daha yüksəkdir. 15% advalor gömrük rüsum dərələcəsi ilə alt yarımmövqelərin sayı 7 pilləli (0%, 0.5,% 1%, 3%, 5%, 10%, 15%) advalor gömrük rüsum dərələcələri tətbiq olunanadək olan dövrlə müqayisədə 2018-ci ildən başlayaraq artan dinamika ilə inkişaf etmişdir. Bu isə 15 faiz idxal tarif dərəcəsinə cəlb olunmuş malların xüsusi çəkisinin artması hesabına gömrük üzrə vergi daxilolmalarının həcmini artırsa da, xırda və orta sahibkarlıq subyektlərinin fəaliyyətininin pisləşməsinin şərtləndirilməsi deməkdir. Müəllif xarici iqtisadi əlaqələrin inkişafında gömrük-tarif tənzimlənməsinin təhlil və qiymətləndirilməsi əsasında əldə edilmiş nəticələrə əsasən təkliflər də irəli sürərək qeyd etmişdir ki, gələcəkdə Azərbaycanın ÜTT-yə üzvlüyü ilə baglı məsələlərin, eləcə də hazırda tətbiq edilən gömrük üzrə vergilərin və rüsumların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə daxili istehsal potensialı nəzərə alınmaqla təhlili və qiymətləndirilməsi, gömrük-tarif tənzimlənməsinin yeni modelinin işlənib hazırlanması, intellektual mülkiyyət hüququnun qorunması, həmçinin blokşeyn texnologiyasının tətbiqinin səmərəliyyinin iqtisadi əhəmiyyəti, o cümlədən, blokçeyn texnologiyasından istifadə etməklə malların gömrük rəsmiləşdirilməsi, logistika sxemləri və daşımalarda istifadə imkanlarının müəyyən edilməsi, blokçeyn proseslərin avtomatlaşdırılması və şəffaflığını artırmaqla ticarət xərclərinin əhəmiyyətli dərəcədə azaldılması kimi problemlərin həll edilməsi istiqamətində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə İqtisadiyyat İnstitunun birgə əməkdaşlığı ölkə iqtisadiyatına mühüm töhvə verə bilər.
Sonra seminarda mövzu üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb (economics.com.az).