Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi seminarda nəqliyyat sferasının innovasiya əsaslı inkişafı problemləri müzakirə olunub

  • Oxunub 290 dəfə

 Martın 13-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib. İnstitutun icraçı direktoru, i.e.d., professor Müşfiq Atakişiyevin sədrliyi ilə keçirilən tədbirə bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.

 Seminarda “Xidmət sferasının iqtisadiyyatı” şöbəsinin aparıcı elmi işçisi, i.f.d., dosent Kamran Abdullayev “Azərbaycan Respublikasında nəqliyyat sferasının rəqabətqabiliyyətliliyinin innovasiya əsaslı inkişafı üzrə mövcud vəziyyətinin dəyərləndirilməsi” mövzusunda təqdimatla çıxış edib. Bildirib ki, Azərbaycanda  nəqliyyat sferasının rəqabətqabiliyyətinin innovasiya əsaslı inkişaf etdirilməsi əsas prioritet məsələlərdən hesab olunur. Məsələn, son illər ölkəmizdə davamlı olaraq nəqliyyat sektorunda rəqəmsallaşmanın formalaşdırılması üçün rəqəmsal təhlükəsiz infrastruktur  sisteminin qurulması istiqamətində ciddi  tədbirlər həyata keçirilməkdədir. Müasir iqtisadi şəraitdə rəqəmsal iqtisadiyyatın inkişafının ölkənin ÜDM-nin  artım tempinin yüksəlməsinə birbaşa təsiri vardır. Ümimiyyətlə, milli  iqtisadi sahələrin (o cümlədən, nəqliyyat sektoru da daxil olmaqla)  rəqəmsallaşmağa tam keçidi bizim qlobal iqtisadi məkanda rəqəbətqabiliyyətli olmağımıza və milli təhlükəsizliyin təmininə imkan verə bilir.

  Aparılmış təhlillər onu göstərir ki, müasir  innovativ texnologiyalara malik  avtomobil, dəmir yolu, dəniz, hava nəqliyyatı üzrə müasir nəqliyyat vasitələrinin alınaraq (yaxud müştərək  istehsalını təşkil etməklə)  ölkəmizdə istifadə olunması yük və sərnişin daşımalarının və əldə olunan gəlirlərin həcmini artıra bilər. Dövlət nəqliyyat şirkətlərinin son illər  daşıma xidmətləri üzrə iqtisadi göstəricilərində  ciddi  fərq müşahidə olunmaqdadır. Tədqiqatçı hesab edir ki, dövlət-özəl tərəfdaşlığına malik innovasiya əsaslı müştərək, yaxud tam özəl nəqliyyat şirkətlərinin yaradılması  zəruridir. Nəticədə nəqliyyat sektorunun innovasiya əsaslı  inkişafını  sürətləndirmək mümkündür.  Müasir qloballaşan dünyada ayrı-ayrı  nəqliyyat növlərinin göstərdikləri xidmətlərin  rəqəmsallaşması, eləcə də daşımaların təşkilində müasir innovativ texnologiyaların tətbiqi daha çox müşahidə olunmaqdadır. Nəqliyyat sektoru üzrə daşıma xidmətlərinin də rəqəmsal transformasiyasının təmin olunması zəruridir. 

 K.Abdullayev qeyd edib ki, daşıma xidmətlərinin rəqəmsallaşması nəticəsində yük və sərnişin axınlarının idarə olunması, naviqasiya təshizatı, daşıma axınlarının  avtomatlaşdırılması, informasiya sistemlərinin əlaqələndirilməsi təmin oluna bilər. Rəqəmsallaşma prosesinin təşkilində rəqəmsal texnologiyaların  tətbiqi mühüm rol oynayır. Ümumiyyətlə, hər bir nəqliyyat növü üzrə göstərilən xidmətlərin rəqəmsal təşkili vacibdir. Aparılmış təhlildə eyni zamanda  son illər  ölkəmizdə ayrı-ayrı nəqliyyat növlərinin innovasiya əsaslı  (eləcə də, tranzit nəqliyyat dəhlizləri çərçivəsində)  inkişafı istiqamətində mövcud problemlər müəyyənləşdirilmiş, onların aradan qaldırılması məqsədilə təklif və tövsiyələr irəli sürülmüşdür.

Seminarda suallar cavablandırılmış, Azərbaycanda nəqliyyat sektorunu inkişafı ilə bağlı mövcud problemlər və gələcək inkişaf perspektivləri, o cümlədən özəl sektorun təşəkkülü məsələləri geniş müzakirə olunmuşdur (economics.com.az).