Azərbaycanda aqrar sahənin innovasiya əsasında inkişafı problemləri müzakirə olunub
- Oxunub 269 dəfə
Aprelin 18-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən tədbirə bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.
Seminarda “Aqrar sektorun iqtisadi problemləri” şöbəsinin müdiri, i.e.d., professor İsa Alıyev “Azərbaycanda aqrar sahənin innovasiya əsasında inkişafı problemləri” mövzusunda təqdimatla çıxış edib. O, innovasiyaların elmi-praktiki mahiyyəti, ölkəmizdə innovasiya sahəsində aparılan tədqiqatlar, kənd təsərrüfatında müasir innovasiyaların tədbiqinin zəzuriliyi və əhəmiyyəti, bu sahədəki başlıca problemlər barədə danışıb. Ölkəmizdə innovativ potensialın yüksək olmasına baxmayaraq aqrar sektorda innovasiyaların arzuolunan səviyyədə inkişaf etmədiyini qeyd edib.
Sonra mövzu ilə bağlı geniş müzakirələr aparılıb. Tədbirdə dosentlər Yunus Sadıqov, Mahir Zeynalov, Emin Məmmədzadə, Allahyar Muradov, prof. Tərbiz Əliyev, Mingəçevir Dövlət Universitetinin əməkdaşı Ruhiyyə Hüseynova və digərləri çıxış ediblər, mövzu ilə bağlı mülahizələrini bildiriblər, təkliflər səsləndirilib. Xüsusən də ərzaq təhlükəsizliyi, aqrar sektorda sahibkarlığın və aqrar emal sənayenin inkişafı, torpaq islahatlarının nəticələri, ərzaq məhsullarının idxal-ixrac məsələləri, qiymətlərin formalaşmasına təsir edən amillər, məhsuldarlığın artırılması problemləri, dünya ərzaq bazarında qlobal trendlər, kənd təsərrüfatında innovasiyalar və ona təsir edən amillər, işğaldan azad olunmuş ərazilərdə aqrar sektorun potensial imkanları və gələcək inkişafı perspektivləri geniş müzakirə olunub (economics.com.az).