Elmi seminarda “Müasir kino sahəsinin iqtisadi problemləri” müzakirə olunub
- Oxunub 353 dəfə
Mayın 8-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda hibrid formada elmi seminar keçirilib. İnstitutun icraçı direktoru, i.e.d., professor Müşfiq Atakişiyevin sədrliyi ilə keçirilən tədbirə onlayn formada bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.
Seminarda “Monetar və fiskal tənzimləmə problemləri” şöbəsinin müdiri, i.e.d. Yaşar Məmmədov “Müasir kino sahəsinin iqtisadi problemləri” mövzusunda təqdimatla çıxış edib. Bildirib ki, milli kino mədəniyyət sahəsinin inkişafı digər sosial sahələr kimi daim dövlət qayğısı ilə əhatə olunmuşdur. Ölkəmizdə bu sahədə bir sıra zəruri tədbirlər həyata keçirilmiş, kino sənayesinin müasir tələblərə uyğun inkişafı baxımından hüquqi baza formalaşdırılmışdır. Müasir dövrdə kino sənayesinin inkişafında müəyyən irəliləyişlər baş versə də, lakin bu sahədə həllini gözləyən ciddi problemlər qalamqdadır.
Tədqiqatçı Azərbaycanda kinoteatrların və kino ilə bağlı obyektlərin özəlləşdirilməsindən, ölkədə kino sənayesinin müasir vəziyyətindən və inkişafı problemlərindən, habelə bu sahədə xarici ölkələrin təcübəsindən danışıb. Seminarda mövzu ilə bağlı suallar səsləndirilmiş və geniş müzakirələr aparılmışdır. Çıxış edənlər – prof. Nazim Müzəffərli, prof. Müşfiq Atakişiyev, prof. Tərbiz Əliyev, i.e.d. Rəsmiyyə Abdullayeva, dosent Azər Səfərov, Tanrıverdi Paşa və digərləri Azərbaycanda müasir kino sahəsinin iqtisadi problemlərindən söz açıblar, təklif və tövsiyələrini səsləndiriblər (economics.com.az).