Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi seminarda “Post-konflikt ərazilərin bərpası və yenidən qurulması siyasəti: hədəflər və istiqamətlər” müzakirə olunub

  • Oxunub 469 dəfə

 İyunun 20-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda hibrid formada elmi seminar keçirilib. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən tədbirə onlayn formada bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.

 Seminarda İnstitutun “Post-konflikt ərazilərin bərpası” Elmi Mərkəzinin rəhbəri, iqtisad elmləri namizədi, dosent Azər Səfərov “Post-konflikt ərazilərin bərpası və yenidən qurulması siyasəti: hədəflər və istiqamətlər” mövzusunda təqdimatla çıxış edib.

 İşğaldan azad olunmuş ərazilərin tezliklə bərpasının hökumətin iqtisadi siyasətinin əsas prioritetlərindən olduğunu qeyd edən məruzəçi bu istiqamətdə əsas hədəflərdən, həyata keçirilən iri miqyaslı layihələrdən, yeni iqtisadiyyat quruculuğundan, əhalinin məskunlaşdırılması, yeni iş yerlərinin yaradılması və məşğulluq problemlərindən danışıb. Bildirib ki, post-konflikt ərazilərin bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi siyasətinin əsas prioritetlərindən biridir. “Böyük qayıdış” proqramının qəbul olunması və sürətli icrası bu siyasətin əyani təsdiqi və gerçəkləşdirilmə formasıdır. Əsas hədəf işğal nəticəsində dağıdılmış ərazilərin ən yüksək dünya standartlarına uyğun bərpa edilməsi və məskunlaşdırılması, habelə Azərbaycanın iqtisadi inkişafının lokomotivi rolunu oynaya biləcək yeni iqtisadi potensialın yaradılmasıdır.

 Azər Səfərov Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının əsas mahiyyəti barədə danışıb. Tədqiqatçı hesab edir ki, həmin ərazilərdə əhalinin məşğulluğunu və ümumiyyətlə dayanıqlı inkişafını ancaq iri miqyaslı investisiyalar təmin edə bilər. Ona görə də yenidən tikilən kənd və şəhərlərdə mənzil fondundan qabaq istehsal müəssisələri və xidmət obtyektləri yaradılmalıdır, mənzil tikintisi və məskunlaşma isə bunun ardınca getməlidir. İstehsal müəssisələrinin, məşğulluğu təmin edəcək obyektlərin yaradılması ümumi bir konsepsiya və ümumi bir sxem əsasında aparılmalıdır. Nəticədə elə bir iqtisadiyyat strukturu formalaşdırılmalıdır ki, o həm ən səmərəli məşğulluğu, həm də ölkədə ən müasir iqtisadiyyat strukturu yaradılmasının əhəmiyyətli tərkib hissəsi olsun. Bunlarla yanaşı, dövlət – özəl əməkdaşlığı prinsipinin geniş tətbiqi regionda investisiya cəlbi və sahibkarlıq fəaliyyəti üçün yaradılmış unikal normativ bazadan səmərəli şəkildə yararlanmağa imkan verə bilər.

 Sonra suallar cavablandırılmış, işğaldan azad olunmuş ərazilərdə yeni iqtisadiyyat quruculuğu, əhalinin məskunlaşdırılması və məşğulluğunun təmin edilməsi, regionda yüksək həyat standartlarının formalaşdırılması məsələləri ilə bağlı geniş müzakirələr aparılmışdır (economics.com.az).