“Azərbaycanda fond bazarının xüsusiyyətləri və inkişaf meyilləri”
- Oxunub 1740 dəfə
“Kreativ iqtisadiyyat” Diskussiya Klubunda i.f.d. Yaşar Məmmədovun təqdimatı
Oktyabrın 2-də AMEA İqtisadiyyat İnstitutunda “Kreativ iqtisadiyyat” Diskussiya Klubunun növbəti toplantısında İnstitutun aparıcı elmi işçisi, i.f.d., dos. Yaşar Məmmədov “Azərbaycan Respublikasında fond bazarının xüsusiyyətləri və inkişaf meyilləri” mövzusunda təqdimatla çıxış etdi. Azərbaycanda fond (qiymətli kağızlar) bazarının tarixi inkişaf mərhələlərindən danışan məruzəçi müasir fond bazarı, fond bazarının əsas vəzifələri, qiymətli kağızlar bazarının, dövlət qiymətli kağızlarının inkişaf səviyyəsi, korporativ qiymətli kağızlar, səhm bazarı, dövlət qiymətli kağızları üzrə orta gəlirlilik səviyyəsi, fond bazarının infrastrukturunun təşkili problemləri, səmdarların və investorların hüquqlarının müdafiəsi vəziyyəti, dünya fond bazarı və burada Azərbaycanın yeri barədə məlumat verdi.
Y.Məmmədov Azərbaycanda fond bazarının inkişaf meyillərini təhlil etməklə yanaşı onun tərəqqisini ləngidən səbəbləri də sadaladı, habelə ölkəmizdə bu bazarın perspektiv inkişaf istiqamətlərini diqqətə çatdırdı. Məruzəçi hesab edir ki, bu sahədə qanunvericilik və normativ-metodoloji bazanın təkmilləşdirilməsi, korporativ qiymətli kağızlar bazarının inkişafının sürətləndirilməsi, bazarda müsair idarəetmə və tənzimləmə mexanizmlərinin tətbiqi, bazara olan inamın gücləndirilməsi, fiziki və hüquqi şəxslərin investisiyalarının cəlbi üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, bazar iştirakçılarının hüquqlarının müdafiəsinin gücləndirilməsi, bazarda iqtisadi alətlərin, mexanizmlərin tətbiqi və informasiya-statistik bazanın genişləndirilməsi, bazar əməliyyatlarının həyata keçirilməsində son İKT-proqram təminatından istifadə imkanlarının artırılması, bazarın beynəlxalq inteqrasiya məkanına açılması ilə bağlı islahatların əhatə dairəsinin genişləndirilməsi vacib amillərdir.
Təqdimatdan sonra mövzu ətrafında geniş müzakirələr aparıldı. Çıxış edənlər - İnstitutun direktoru, professor Nazim Müzəffərli (İmanov), AMEA-nın müxbir üzvü Şahbaz Muradov, şöbə müdirləri Tanrıverdi Paşa və i.f.d. Aqil Əsədov, f.f.d. Mayis Gülalıyev və b. mövzu ilə bağlı öz mülahizələrini bildirdilər. Xüsusən də bazar iqtisadiyyatı şəraitində ölkəmizdə qiymətli kağızlar bazarının müasir inkişafı problemləri geniş və maraqlı diskussiyalara səbəb oldu (economics.com.az).
Yaşar Məmmədovun məruzəsi ilə daha yaxından aşağıdakı faylı yükləməklə tanış olmaq olar