Elmi seminarda Azərbaycanda məşğul əhalinin peşə-ixtisas təhsili problemləri müzakirə olunub
- Oxunub 320 dəfə
Oktyabrın 2-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda hibrid formada elmi seminar keçirilib. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən tədbirə onlayn formada bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.
Seminarda İnstitutun Demoqrafiya və məşğulluq problemləri şöbəsinin elmi işçisi İntizar Qurbanova “Azərbaycanda məşğul əhalinin peşə-ixtisas təhsil quruluşunun təhlili: nəticələr, perspektivlər” mövzusunda təqdimatla çıxış edib. Tədqiqatçı respublikamızın məşğulluq göstəriciləri, məşğul əhalinin təhsil və peşə strukturu, əmək bazarında peşə və ixtisaslara tələbat, kadr hazırlığının statistikası, əmək bazarı ilə bağlı gələcək proqnozlar barədə danışıb. Məşğul əhalinin təhsil səviyyələrinə görə bölgüsü, orta ixtisas və peşə təhsili məzunlarının (2016-2020-ci il məzunları) iqtisadi fəaliyyət sahələrinə görə bölgüsü, orta ixtisas və peşə təhsili məzunlarının məşğulluq statusu, əmək bazarında məşğul əhalinin peşə strukturu, iqtisadi fəaliyyət sahələrinə görə açılmış iş yerlərinin dinamikası verilib. Habelə əmək bazarında peşə və bacarıqlara tələbatın iş elanlarına və sorğulara əsasən təhlili, onlayn yerləşdirilmiş
vakansiyaların iqtisadi fəaliyyət növləri üzrə bölgüsü, ali təhsil müəssisələrinə və orta ixtisas qəbul olunan tələbələrin ixtisaslaşması, bütün vakansiyalar üçün ən çox tələb olunan peşələrin təhlili aparılıb, 2023-2027-ci illər üçün iş yerləri barədə proqnoz təqdim olunub. Məruzəçi məşğul əhalinin peşə-ixtisas və təhsil strukturunun yaxşılaşdırılması üçün təklif və tövsiyələrni səsləndirib.
Sonra tədqiqatla bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb (economics.com.az).