Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi seminarda Nobel mükafatçısı Klaudiya Qoldinin elmi nailiyyətləri müzakirə edilib

  • Oxunub 344 dəfə

 Noyabrın 27-də ETN İqtisadiyyat İnstitutunda professor Nazim Müzəffərlinin sədrliyi ilə hibrid formada elmi seminar keçirilib. Seminarda İnstitutun “Monetar və fiskal tənzimləmə problemləri” şöbəsinin aparıcı elmi işçisi Tanrıverdi Paşa “İqtisadiyyat üzrə Nobel mükafatçısı Klaudiya Qoldinin ən mühüm elmi nailiyyətləri” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi 2023-cü ilin iqtisadiyyat üzrə Nobel mükafatçısı, ABŞ iqtisadçisi Klaudiya Qoldinin elmi yaradıcılığı, tətqiqatları, araşdırmaları və əsas elmi nəticələri haqqında geniş məlumat verib.  

 Bildirib ki, K.Goldin 1970-ci illərin sonlarından qadınların məşğulluğunu araşdırır və təkcə onun ən mühüm nailiyyətləri haqqında Nobel sertifikatında iyirmidən çox elmi məqalə qeyd olunur, onların mövzuları XIX əsrin sonunda ABŞ-da Afroamerikalıların əməyindən tutmuş, Amerika universitetlərində MBA dərəcəsi almış kişilər və qadınlar arasındakı maaş fərqinə qədər problemləri əhatə edir. Yarım əsrlik akademik karyerası ərzində K.Goldin texnoloji dəyişikliklərin, bərabərsizliyin, təhsilin və korrupsiyanın iqtisadi təsirlərini tədqiq etmişdir. Ona ən böyük şöhrəti onun ABŞ iqtisadiyyatında qadınların rolu ilə bağlı araşdırması və gender maaş fərqinin səbəbləri sualına elmi əsaslandırılmış cavabları qazandırmışdır.

K.Goldin müntəzəm olaraq dünyanın ən nüfuzlu iqtisadçılarının siyahısında yer alır. Yarım əsr əvvəl o, faktiki olaraq iqtisadiyyatda qadınların rolunun öyrənilməsinin əsasını qoydu və gender iqtisadiyyatının elmdə hamılıqla tanınan istiqamətinə çevrilməsi üçün çox işlər gördü. O, iki yüz il ərzində qadınların ABŞ-ın işçi qüvvəsində iştirakının təkamülünü araşdıran bir sıra tədqiqatlar təşkil etdi. “Niyə onlara daha az ödəyirlər. Amerika qadınlarının iqtisadi tarixi” (1990) kitabında o, öz nəticələrini dərc etdi - gender əmək haqqı fərqinin tarixi davamlı irəliləyişlə deyil, bu fərqlərin azalmasının müəyyən vaxt kəsimlərində, o cümlədən 19-cu əsrdə mexanikləşmə ilə, 20-ci əsrin əvvəllərində - ofis işinin artan əhəmiyyəti ilə, 1980-ci illərdə isə qadınların təhsil səviyyəsinin artması ilə səciyyələnirdi.

İqtisadçıların qadınların əmək hüququ ilə bağlı vəziyyəti qiymətləndirmək üçün götürdüyü əsas kəmiyyət xarakteristikalarından biri qadınların iş qüvvəsində iştirak səviyyəsidir, başqa sözlə, işləyənlərin qadınların ümumi sayında faizidir. Qoldinə qədər iqtisadiyyatda qadınların işçi qüvvəsində iştirakının iqtisadi inkişafın bir funksiyası olması fikri üstünlük təşkil edirdi: yəni iqtisadiyyat nə qədər inkişaf edərsə, əmək bazarında qadınlar üçün bir o qədər çox imkanlar və təmsilçilik yaranır. Goldin, 1980-ci illərdə və 1990-cı illərin əvvəllərində nəşr etdirdiyi bir sıra məqalələrində bunun tamamilə doğru olmadığını göstərdi: uzun müddət ərzində qadınların işçi qüvvəsində iştirak nisbəti əvvəlcə iqtisadi inkişafla birlikdə azalır və sonra trayektoriya boyunca U hərfi şəklində rəvan yüksəlməyə başlayır.

Keçmişlərdə qadın işçilər haqqında məlumatlar fraqmental və natamam olduğundan, tarixçilər onların əmək bazarındakı rolunu düzgün qiymətləndirmirdilər. Qoldin, siyahıyaalmaya görə, dul qalmış və ya ailə qurmayan qadınların başçılıq etdiyi keçmiş Amerika ev təsərrüfatlarına dair məlumatlara diqqət yetirdi. Bu qadınların 44%-i siyahıyaalma aparanlara bu və ya digər peşə fəaliyyəti ilə məşğul olduqlarını bildirmişdilər. O, həmçinin dul qadınlar tərəfindən idarə olunan təsərrüfatların nə qədər gəlirli olduğunu yoxladı - əksəriyyətinin yaxşı maliyyə nəticələri vardı.

Siyahıyaalmalara əlavə olaraq Qoldinin topladığı məlumatlara görə, 18-19-cu əsrlərin əvvəllərində Amerikanın əmək bazarında evli və dul qadınların payı 60%-dən çox idi (müqayisə üçün bu gün qadınların işçi qüvvəsində iştirak səviyyəsi dünya üzrə ortalama 50%-dir). Ancaq artıq 19-cu əsrin birinci yarısında ABŞ-da işləyən evli qadınların payı azalmağa başladı: sənaye inqilabı ilə əlaqədar müəssisələr böyüdü, iş tapşırıqları mürəkkəbləşdi və işi ailə və ev üçün qayğılarla birləşdirmək getdikcə çətinləşdi. 20-ci əsrin əvvəllərində artıq ərli qadınların işçi qüvvəsində iştirakı təxminən 10%-ə düşmüşdü.

Sənaye İnqilabı sayəsində əksinə, subay gənc qadınlar, əmək bazarına daha fəal daxil olmağa başladılar. XIX əsrin əvvəllərində aqrar cəmiyyətdən sənaye cəmiyyətinə keçidlə əlaqədar əpli qadınların işçi qüvvəsində iştirakı azaldı, lakin sonra XX əsrin əvvəllərində xidmət sektorunun böyüməsi ilə artmağa başladı. Qoldin bu qanunauyğunluğu struktur dəyişiklikləri və qadınların evdə və ailədə vəzifələri ilə bağlı sosial normaların inkişafının nəticəsi kimi izah edirdi.

Sonra Klaudiya Qoldinin tədqiqatları ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb (economics.com.az).