Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

"İqtisadiyyat - mədəniyyətin fenomeni kimi"

  • Oxunub 1724 dəfə

 “Kreativ iqtisadiyyat” Diskussiya Klubunda prof. Fuad Məmmədovun məruzəsi dinlənilib

 Dekabrın 24-də AMEA İqtisadiyyat İnstitutunda "Kreativ iqtisadiyyat" Diskussiya Klubunun növbəti toplantısı keçirilmişdir. İnstitutun direktoru, professor Nazim Müzəffərli tədbirdə əsas məruzəçi barədə məlumat verdikdən sonra kulturoloq, tarix elmləri doktoru, professor Fuad Məmmədovun "İqtisadiyyat – mədəniyyətin fenomeni kimi" mövzusunda məruzəsi dinlənildi.

 Prof. F.Məmmədov mədəniyyət və kulturologiya, mədəniyyət anlayışı, kulturologiya elminin yaranması tarixi, alimlərin bu elmə dair baxışları, mədəniyyət tam sosial sistem kimi, müasir cəmiyyətin mədəniyyətinin sosial strukturu, mədəniyyətin inkişafının obyektiv tarixi amilləri, mədəni insanın formulu, Avopada və Azərbaycanda mədəniyyət düşüncəsi və ona yanaşmanın fərqli cəhətləri, idarəetmə mədəniyyəti, intellektual mədəniyyət, sosial-mədəni tərəqqinin formulu, mədəniyyətlərin müxtəlifliyi və s. barədə danışdı.

 Alim hesab edir ki, iqtisadiyyat mədəniyyətin sosial institutudur. Azərbaycanın sabit inkişafında kulturologiyanın strateji rolu var. Müasir dünyada ölkələrin inkişafında intellektual mədəniyyət əsas faktordur. Ən inkişaf etmiş ölkələr iqtisadiyyatını intellektual mədəniyyət, biliklərə əsaslanan iqtisadiyyat üzərində quran dövlətlərdir.

 Sonra məruzəçi ona ünvanlanmış sualları cavablandırdı. Mövzu ətrafında geniş müzakirələr aparıldı. Xüsusən də İslamın müqəddəs kitabı olan “Quran”nın dini, yoxsa elmi mənbə kimi qəbul olunması, burada həqiqətin axtarışı; agıllı və cahil insanların qeyri-bərabər intellekt səviyyəsi, müsəlman ölkələrində dini mədəniyyətin üstünlük təşkil etməsi və bu səbəbdən Qərblə müqayisədə iqtisadi inkişafda geridə qalması, hazırda müsəlman dövlətlərində baş verən proseslər, cəhalət və intellektin fərqi və mübarizəsi, iqtisadiyyatın inkişafında biliklərin, kreativliyin əhəmiyyəti, multikulturalizm siyasəti və onun mahiyyəti, müxtəlif mədəniyyətlərin dialoqu, kulturologiyanın missiyası, mədəniyyətin ölçülməsi kriteriyaları və s. kimi aktual məsələlər maraqlı diskussiyalara səbəb oldu (economics.com.az).