Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Sahibkarlığın inkişafı ilə bağlı aktual məsələlər müzakirə olundu

  • Oxunub 1475 dəfə

 “Kreativ iqtisadiyyat” Diskussiya Klubunda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev məruzə ilə çıxış edib

 Fevralın 25-də AMEA İqtisadiyyat İnstitutunda "Kreativ iqtisadiyyat" Diskussiya Klubunun növbəti toplantısı keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Azərbaycan Dövlət İqtisad Universitetinin, Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Vergilər Nazirliyinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Universitetinin, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının, Bakı Biznes Universitetinin, Təfəkkür Universitetinin nümayəndələri də iştirak edirdilər.

 İnstitutun direktoru, professor Nazim Müzəffərli tədbirdə əsas məruzəçi barədə məlumat verdikdən sonra Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat verdi. O, dövlət-işə götürənlər-işçilər arasındakı münasibətlərin əhəmiyyətini qeyd etməklə yanaşı ASK-nın əsas missiyasından, dövlət-sahibkar əlaqələrindən, dövlətin sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı son qərarlarından, qanunvericilik bazasının təkmilləşdirilməsindən, bütövlükdə sahibkarlığın inkişafı ilə bağlı problemlərdən və onların həlli istiqamətlərindən, sahibkarlar üçün perspektivli sahələrdən, xarici təcrübədən, özəl sektora dövlət köməyindən, sahibkarların maliyyə-kredit problemlərindən, gənc sahibkarların dəstəklənməsinin vacibliyindən, rəqabət mühitindən və s. danışdı. 

 Sonra Azərbaycanda sahibkarlığın müasir inkişafı ilə bağlı aktual məsələlər ətrafında müzakirələr aparıldı. Xüsusən də sahibkarların maraqlarının və daxili bazarın qorunması müxanizmləri, dövlətin iqtisadiyyata müdaxiləsi və tənzimləmə siyasəti, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, rəqabət mühitinin formalaşdırılması, özəl sektorda əməyin ödənilməsi, investisiyaların cəlb olunması, sahibkarlığın daha əlverişli şərtlərlə kreditləşdirilməsi, regionlarda kredit resurslarına olan ehtiyac və iş adamlarının maliyyə institutlarına çıxışının asanlaşdırılması, girov şərtlərinin ağırlığı və s. kimi aktual məsələlər maraqlı diskussiyalara səbəb oldu. Habelə ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın rolu və əhəmiyyəti vurğulanmaqla yanaşı elmin nailiyyətlərinin biznesdə tədbiqi, AMEA ilə ASK arasında əməkdaşlığın qurulması imkanları da müzakirə edildi (economics.com.az).

Fotoqalereya (yüklə)