“Azərbaycan 2030: davamlı sosial-iqtisadi inkişaf proqramı”
- Oxunub 1757 dəfə
“Kreativ iqtisadiyyat” Diskussiya Klubunda belə proqramın hazırlanması ilə bağlı təkliflər müzakirə edildi
Mayın 25-də AMEA İqtisadiyyat İnstitutunda "Kreativ iqtisadiyyat" Diskussiya Klubunun növbəti toplantısı keçirilmişdir. İnstitutun direktoru, professor Nazim Müzəffərli tədbirdə əsas movzu və məruzəçi barədə məlumat verdikdən sonra İnstitutun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin aparıcı elmi işçisi, i.f.d. Məzəddin Əyyubovun “Azərbaycan 2030: davamlı sosial-iqtisadi inkişaf proqramı”nın hazırlanması ilə bağlı məruzəsi dinlənildi.
M.Əyyubov qeyd etdi ki, BMT tərəfindən dünya ölkələrinə 2030-cu ilədək davamlı inkişaf proqramlarının hazırlanması tövsiyə olunub. Məqsəd hər bir ölkənin hərtərəfli və davamlı iqtisadi inkişafının təmin edilməsidir. Bura müxtəlif məqsədlərə nail olunması – yoxsulluğun tam ləğvi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, sosial rifahın yaxşılaşmasına və iqtisadiyyatın bütün sahələrinin davamlı inkişafına nail olunması və s. daxildir. Proqram üzrə əsas 5 hədəf nəzərdə tutulur: ölkə əhalisinin məhsuldar məşğulluğunun tam təmin edilməsi; ölkənin rasional istehsal və istehlak modelinin qurulması; kənd təsərrüfatının davamlı inkişafına nail olunması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, aclığın ləğvi; hamıya baha olmayan müasir etibarlı enerji mənbələrindən istifadənin təmin olunması; məhsul istehsalı və xidmətlərin göstərilməsində innovasiyaların tədbiq edilməsi, etibarlı infrastrukturun yaradılması.
Məruzəçi M.Əyyubov bütün bunları nəzərə alaraq Azərbaycanda da belə bir proqramın hazırlanmasını təklif edir. Proqram özündə 2030-cu ilədək olan dövr üçün ölkənin iqtisadiyyatının inkişafı üzrə əsas strategiyanı və proqnozları əhatə etməlidir. Toplantıda “Azərbaycan 2030: davamlı sosial-iqtisadi inkişaf proqramı”nın hazırlanması ilə bağlı təkliflər, BMT-nin tövsiyələri, hesablamaların aparılması, proqnozların hazırlanması, mövcud reallıqlar və gözləntilər geniş müzakirə edildi (economics.com.az).