Xalq sairi Nəriman Həsənzadə ilə görüş
Dekabrın 29-da AMEA İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, xalq şairi Nəriman Həsənzadə ilə ədəbi görüş keçirildi. Şairlə görüşə iqtisadçılarla yanaşı ədəbiyyatçılar, kitabxananın əməkdaşları da qatılmışdılar. Tədbiri giriş sözü ilə açan İqtisadiyyat İnstitutunun elmi katibi, i.f.d. Rəsmiyyə Abdullayeva N.Həsənzadə haqda təqdimatla çıxış etdi.
Sonra söz alan Nəriman Həsənzadə müxtəlif dövrlərdə yazdığı şeirlərindən parçalar oxudu. Habelə şair tədbir iştirakçılarının – oxucularının ona ünvanlanmış çoxsaylı suallarını cavablandırdı. Bir çox suallara elə şeirlə də cavab verdi. Bəzi suallar onu keçmişə, uşaqlıq, gənclik illərinə apardı, nostalji hislər yaşandı. Şair çətin keçən həyat yolundan, anasını, bacısını və həyat yoladaşını vaxtsız itirməsindən, şair ömründən, şeir yazmağın və şair olmağın çətinliyindən, qəm, kədər, yurd həsrətindən, kənddəki evinin də tək qalmasından və s. danışdı. Tanınmış ictimai-siyasi xadimlər, ziyalılarla bağlı xatirələrini söylədi.
Şairin qadınlara həsr etdiyi şeirləri, düşüncələri maraqla qarşılandı. Təbdirdə Nəriman Həsənzadənin yeni cap olunmuş kitabı görüş iştirakçılarına paylanıldı. Çıxış edənlər şairin həyat və yaradıcılığından danışdılar, şeirlərindən parçalar söylədilər. Bir sözlə, iqtisadçıların xalq şairi ilə şeirlə dolu ədəbi-bədii söhbəti alındı... (economics.com.az).