AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubileyi keçiriləcək
- Oxunub 1025 dəfə
2018-ci ildə AMEA İqtisadiyyat İnstitutunun yaradılmasının 60-cı ildönümüdür
Bu barədə AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının oktyabrın 6-da keçirilən iclasında İnstitutun elmi katibi, i.f.d. Rəsmiyyə Abdullayeva bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası sistemində özünəməxsus yer tutan və ölkəmizdə iqtisad elminin inkişafına böyük töhvələr vermiş İqtisadiyyat İnstitutu çox şərəfli bir tarixi inkişaf yolu keçib. İqtisadiyyat İnstitutu 1958-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılıb. İnstitutda aparılan elmi-tədqiqat işləri bütünlüklə götürüldükdə keçmiş İttifaq və respublikanın hökümət və dövlət orqanları tərəfindən müəyyən edilmiş həmim dövrlərin mühüm iqtisadi problemlərinin və dövlət tapşırıqlarının yerinə yetirilməsinə yönəldilib. Müstəqillik illərində AMEA İqtisadiyyat İnstitutu Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşdırılması və inkişafı istiqamətində uğurlu və samballı elmi-tədqiqat işləri yerinə yetirmiş, peşəkar milli kadrların, iqtisadçı alimlərin yetişdirilməsində mühüm xidmətlər göstərmişdir. İnstitut tarixi missiyasını bu gün daha uğurla icra etməkdədir.
Elmi Şurada müzakirələrdən sonra İqtisadiyyat İnstitutunun 60 illik yubileyinin təntənəli şəkildə keçirilməsi barədə qərar qəbul olunub. Bu məqsədlə İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb. Habelə Təşkilat Komitəsinə sədr müavini (Allahyar Muradov) və üzvlər (Akif Musayev, Tofiq Hüseynov, İsa Alıyev, Şakir Alıyev, Rəsmiyyə Abdullayeva, Yulduz Əliyeva, Rüfət Efendiyev, Tanrıverdi Paşa və Mahir Zeynalov) seçilib. Yubiley tədbirləri ilə bağlı təşkilati məsələlərdə yaxından iştirak etmək və Təşkilat Komitəsinə üzv olmaq istəyənlər müraciət edə bilərlər. Təşkilat Komitəsi 2 həftə ərzində yubileylə bağlı Tədbirlər Planı hazırlayacaq (economics.com.az).