Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun alimləri BBU-da keçirilən beynəlxalq elmi konfransda iştirak və çıxış ediblər

  • Oxunub 1259 dəfə

 “Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycanın iqtisadi inkişaf istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransda maraqlı məruzələr dinlənilib

  Mayın 3-də Bakı Biznes Universitetində (BBU) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycanın iqtisadi inkişaf istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransın məqsədi Azərbaycan Xalq Cümhuriyyəti dövründə iqtisadi münasibətlərin formalaşması və müasir Azərbaycanın sosial-iqtisadi inkişafının nəticələrini təhlil etmək və perspektivdə bu prosesin daha uğurla davam etdirilməsi üçün qarşıya qoyulan vəzifələrin həlli yollarını müəyyənləşdirməkdən ibarətdir.    

 Azərbaycanın tanınmış iqtisadçı alimləri ilə yanaşı, 6 ölkənin 9 ali təhsil müəssisəsindən alim və mütəxəssislərin də qatıldığı tədbiri giriş sözü ilə Bakı Biznes Universitetinin (BBU) rektoru, professor İbad Abbasov açıb. Plenar iclasda akademik Ziyad Səmədzadə, AMEA İqtisadiyyat İnstitutunun alimləri -  AMEA-nın müxbir üzvləri Akif Musayev və Əli Nuriyev, həmçinin Rusiya, İtaliya, Litva, Serbiya, Ukrayna, Gürcüstandan olan tədqiqatçılar məruzə ilə çıxış ediblər.

 Sonra müzakirələr müxtəlif mövzular üzrə bölmələrdə davam etdirilib, məruzələr dinlənilib. AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları – i.f.d. Mahir Zeynalov, i.f.d. Asif Mustafayev, i.f.d. Tariyel Qurbanov, i.f.d. Şahraz İbrahimov, i.f.d. Vüqar Bayramov, elmi işçi Gülnarə Fətəliyeva məruzə ediblər. Məruzələr ətrafında maraqlı müzakirələr aparılıb (economics.com.az).