AMEA-da “Poisk” qəzetinin baş redaktor müavini Yelizaveta Ponarina ilə görüş keçirilib
- Oxunub 844 dəfə
İyunun 12-də AMEA Mərkəzi Elmi Kitabxanasının konfrans zalında Rusiya Elmlər Akademiyasının mətbu orqanı olan “Poisk” qəzetinin baş redaktor müavini Yelizaveta Ponarina ilə görüş keçirildi. Məqsəd “Poisk” qəzetinin fəaliyyəti, elmin populyarlaşdırılması və təbliğində KİV-in rolu, elmi jurnalistlərin peşəkarlaşdırılması və s. istiqamətdə görülən işlərlə bağlı bilik və təcrübə mübadiləsinin aparılması idi. AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin təşkilatçılığı ilə keçirilən görüşdə AMEA-nın institut və təşkilatlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələrinin əməkdaşları iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan idarə rəisi Zülfüqar Fərzəliyev elmin populyarlaşdırılması və təbliği sahəsində beynəlxalq təcrübənin öyrənilməsinin önəmini qeyd edərək, “Poisk” qəzeti ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu söylədi. Jurnalist Yelizaveta Ponarina “Poisk” qəzetinin fəaliyyəti haqqında geniş məlumat verdi. Qəzetin şöbələri, elmi fondlarla qurulan əməkdaşlıq əlaqələrindən bəhs etdi. Hər bir sahədə olduğu kimi, elmi jurnalistikanın da öz xüsusiyyətləri, qaydaları və yaradıcılıq sirləri olan peşə olduğunu qeyd edən məruzəçi iş təcrübəsini bölüşdü. Sonra baş redaktor müavini verilən çoxsaylı sualları cavablandırdı, fikir mübadiləsi aparıldı (economics.com.az).