Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

«Demoqrafiya» adlı dərs vəsaitinin təqdimatı keçirildi

  • Oxunub 1366 dəfə

Kitabın müəllifi AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi Rüfət Efendiyevdir

 İyulun 11-də "Azərkitab" Kitab Təbliğatı Mərkəzində AMEA İqtisadiyyat İnstitutunun“Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri” şöbəsinin baş elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rüfət Efendiyevin “Demoqrafiya” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirildi. Tədbirdə AMEA-nın alimləri  və bir sıra dövlət və özəl qurumların nümayəndələri iştirak edirdilər. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunumuş  kitab 11 iyul - Dünya Əhali Günündə (World Population Day) təqdim olundu.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası, AR Dövlət Statistika Komitəsi, AR Dövlət Miqrasiya Xidməti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər  dövlət orqanlarının nümayən­dələri, elm adamları iştirak edirdilər. Çıxış edənlər - AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova,  AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli, AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradov kitabın nəşrinin əhəmiyyətindən, onun əsas xüsusiyyətlərindən danışdılar, öz mülahizələrini bildirdilər.

Məlum olduğu kimi, ölkəmizdə əhalinin demoqrafik inkişafı iqtisadiyyatımızın yüksəlişinə, respublikamızın müdafiə qabiliyyətinin təmininə və dövlət təhlükəsizliyimizə bilavasitə təsir edir. Bu baxımdan, əhalinin sayının və tərkibinin proqnozlaşdırılması, demoqrafik və sosial-iqtisadi proseslər arasındakı əlaqələrin araşdırılması, icraedici orqanlar üçün demoqrafik siyasət üzrə tövsiyələrin hazırlanması olduqca vacibdir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş tədbirdəki proqram xarakterli çıxışında da bu elmi istiqamətin aktuallığına toxunmuş, alimlərimizi demoqrafik vəziyyətlə bağlı tədqiqatlar aparmağa səsləmişdir. Bu məqsədlə üç il ərzində aparılan elmi-tədqiqat işlərinin nəticəsində ilk dəfə olaraq Azərbaycan dilində “Demoqrafiya” adlı kitab ərsəyə gəlmişdir.

Əsərdə əhalinin qeydiyyatı və sayı, təbii artım komponentləri və demoqrafik tərkibi, demoqrafik göstəricilərin standartlaşdırılması və əhalinin strukturunun müqayisəsi üçün analoqların seçilməsi, əhalinin təkrar istehsalı və demoqrafik keçid nəzəriyyəsi, nikahlılıq və boşanma, əhalinin miqrasiyası, demoqrafik proqnoz və digər məsələlər öz əksini tapmışdır.

Qeyd etmək lazımdır ki, hazırda demoqrafik problemlərin öyrənilməsi və mövcud istiqamətdə kadrların hazırlanması üzrə üç elmi mərkəz fəaliyyət göstərir. Bunlar AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın tarixi demoqrafiyası şöbəsi, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsi və insan potensialının iqtisadi baxımdan daha geniş və dərin araşdırmaları ilə məşğul olan İqtisadiyyat İnstitutunun Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri şöbəsidir.  Bu institutların hər biri bu və ya digər aspektdə demoqrafik problemlərin öyrənilməsi ilə məşğuldur.

Kitabın müəllifi təqdimatda xüsusi olaraq vurğulamışdır ki, qeyd olunanlara baxmayaraq, demoqrafiya sahəsində vahid bir tədqiqat mərkəzinin yaradılmasına ehtiyac var. Bu, iqtisadi, sosial, hərbi, tibbi, tarixi, coğrafi və etnik demoqrafiya sahələrində çoxşaxəli tədqiqatların aparılmasına imkan yaradacaq. Belə demoqrafik mərkəzlər Fransa, Almaniya, Rusiya, Niderland kimi dünyanın bir sıra ölkələrində artıq mövcuddur. R.Efendiyev hesab edir ki, Azərbaycanda da bu istiqamətdə zəruri addımların atılması ölkəmiz üçün faydalı olardı (economics.com.az)

Elm TV: “Demoqrafiya” adlı dərs vəsaitinin təqdimatı keçirilib (yüklə)