Kənd təsərrüfatı kooperativlərinin yaradılması və fəaliyyəti ilə bağlı məlumatlandırma təlimləri keçirilib
- Oxunub 999 dəfə
AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d., dos. İlkin Soltanlı tədbirdə çıxış edib
İyulun 13-də Sabirabad rayonunda “Kooperasiyanın İnkişafına Dəstək” İB tərəfindən, ölkə Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı əsasında “Kənd təsərrüfatı kooperativlərinin yaradılması və fəaliyyəti ilə bağlı kənd təsərrüfatı məhsulları istehsalçılarına institusional yardım” layihəsinə uyğun məlumatlandırma təlimi həyata keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, AMEA İqtisadiyyat İnstitutu, yerli fermer və iş adamları, QHT nümayəndələri və s. iştirak edirdilər. Tədbirin məqsədi - kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə aqrar kooperativlər haqqında bilgi vermək, onları mövcud normativ aktlar və beynəlxalq təcrübənin uğurlar ıilə tanış etmək, həmçinin yeni iş yerlərinin açılması və məşğulluğun təmin olunmasında bu qurumların rolu ilə tanış etməkdən ibarətdir.
Görüşdə “Kooperasiyanın İnkişafına Dəstək” İB-nin sədri, iqtisad elmləri doktoru Həsən İsrafilov fermerlərə aqrar kooperasiya fəaliyyətinin rolu və əhəmiyyətini izah edərək, bu sahədə beynəlxalq təcrübədən istifadə təşəbbüsləri mövzusunda çıxış edib. Bununla yanaşı, “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun və “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017 – 2022-ci illər üçün Dövlət Proqramı”, həmçinin kənd təsərrüfatı və kooperasiya fəaliyyəti ilə bağlı Mülki, Əmək və Vergi Məcəllələri, digər qanunverici sənədlərdə olan müddəalar barəsində ətraflı məlumat verilmişdir.
Sabirabad rayon Kənd Təsərrüfatı İdarəsində təşkil olunan bu görüş yüksək səviyyədə keçirilməklə, fermerlərin böyük marağına səbəb olub. Tədbirdə iştirak edən Kənd Təsərrüfatı Nazirlyinin yeni yaradılmış “Fermerlər, assosiasiyalar və kooperativlərlə iş” şöbəsinin müdiri Araz İsmayılov onun əhəmiyyətini yüksək qiymətləndirmiş və bu tip görüşlərin mütəmadi təşkil olunmasının zəruriliyini vurğulamışdır. Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı, i.f.d., dos. İlkin Soltanlı “Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının formalaşması və inkişafı istiqamətləri: problemlər və həlli yolları” movzusunda çıxış edərək, aqrar kooperasiyanın mahiyyəti və məzmun elementləri, onun təşkili xüsusiyyətləri və modern inkişaf yolları barədə məlumat vermiş, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin strateji hədəf prioritetlərindən biri olan kənd təsərrüfatında fermer tərəfdaşlığının formalaşdırılması və kooperasiyanın inkişafı barəsində danışmışdır.
Qeyd edək ki, layihə çərçivəsində bu tədbirlərin Zaqatala, Qax və Kürdəmir rayonlarında da keçirilməsi planlaşdırılır (economics.com.az).