Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri Belçikada Tədqiqat və İnovasiya üzrə Şərq Tərəfdaşlığı Panelinin 6-cı toplantısında iştirak edib

  • Oxunub 1316 dəfə

 Dekabrın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Tədqiqat və İnovasiya üzrə Şərq Tərəfdaşlığı Panelinin 6-cı toplantısı keçirilmişdir. Toplantıda Avropa İttifaqına üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrini təmsil edən qurumların nümayəndələri iştirak ediblər. Sözügedən tədbirdə Şərq Tərəfdaşlığı ölkələrindən biri olan Azərbaycan da öz nümayəndə heyəti ilə təmsil olunub.

 Nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun İcraçı direktoru vəzifəsini icra edən Azər Bayramov, AMEA-nın Beynəlxalq əlaqələr idarəsinin rəhbəri, b.f.d. Esmira Əlirzayeva, AMEA-nın İqtisadiyyat İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, i.f.d., dos. Rüfət Efendiyev, AMEA-nın Texnologiyaların Transferi və Biznes İnkubasiya şöbəsinin müdiri Zaur Əhmədzadə, Azərbaycan Sahibkarlar Konfederasiyasının Beynəlxalq əlaqələr və biznesin inkişafı şöbəsinin müdiri Arif Nəcimov, Azərbaycan Tibb Universitetinin dosenti Rəhimə Qabulova və siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, Avropa Birliyi və regional inteqrasiya üzrə tədqiqatçı Muxtar Hacızadə iştirak ediblər.

Toplantıda iştirak edənlər sırasında Şərq Tərəfdaşlığı ölkələrinin Avropa İttifaqının HORİZON 2020 proqramı üzrə milli əlaqələndirici şəxsləri də iştirak ediblər. Ölkəmizi toplantıda HORİZON 2020 proqramının maliyyə əlçatanlığı üzrə milli əlaqələndirici şəxsi Rüfət Efendiyev, kiçik və orta ölçülü müəssisələr üzrə milli əlaqələndirici şəxsi Arif Nəcimov və sağlamlıq, demoqrafik dəyişiklik və rifah üzrə milli əlaqələndirici şəxsi Rəhimə Qabulova təmsil etmişdir.

 Toplantı iştirakçıları özlərini təqdim etdikdən sonra araşdırma-sənaye əlaqələri üzrə 2018-ci il tədbirlər panelinin müzakirəsi, Şərq Tərəfdaşlığının son yenilikləri, Avropa İttifaqının İnnovasiya siyasəti, Şərq Tərəfdaşlığında Araşdırma və İnnovasiyaların dəstəklənməsi, mükəmməlliyin möhkəmləndirilməsi və genişləndirilməsi, Avropa Tədqiqat Şurası, Avropa İnnovasiya Şurası (EİC) və HORİZON 2020-nin Kiçik və Orta ölçülü Müəssisələrin (SME) inkişafına dəstək alətləri, Marie-Sklodovska Curie fəaliyyətləri, EraNet Maliyyələşdirmə, Xarici İnvestisiya Planı, Şərq Tərəfdaşlığı Plus Platformasından / Gələcək fəaliyyətlər haqqında hesabat, Şərq Tərəfdaşlığının Araşdırma və İnnovasiya üçün digər dəstək imkanları, Şərq Tərəfdaşlığı ölkələrinin Elm və Texnologiya üzrə Avropa Əməkdaşlığı (COST) proqramından faydalanması və COST Assosiasiyası, Horizon Avropa (indiki adı HORİZON 2020), 2019-cu ildə Tədqiqat və İnnovasiyalara ehtiyac, prioritetlər və fəaliyyətlər, Şərq Tərəfdaşlığının 2019-cu ildə Texnologiya Transferinin öyrənilməsi kimi mövzularda xarici ekspertlərin məruzələri dinlənilmişdir. Toplantıda həmçinin Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun İcraçı direktoru vəzifəsini icra edən Azər Bayramov “Azərbaycanda innovasiya ekosistemin qurulması” mövzusunda məruzə ilə çıxış etmişdir.

 Toplantı zamanı təqdim olunan məruzələr ətrafında məhsuldar müzakirələr aparılmış və  ikitərəfli görüşlər keçirilmişdir (economics.com.az).