İqtisadiyyat İnstitutunun əməkdaşı turizmlə bağlı beynəlxalq konfransda çıxış edib
- Oxunub 762 dəfə
Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən “Davamlı sağlamlıq turizminin ölkənin iqtisadiyyatında rolu” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq konfransı keçirilib. Tədbir Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi Gənc alim və mütəxəssislərin 4-cü xüsusi – “Mənim ilk qrantım” müsabiqəsi çərçivəsində (Layihə rəhbəri: Ülviyyə Qəhrəmanlı, “Gənclər Turizmi” İB) təşkil olunub. Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfransda Azərbaycanla yanaşı, 5 ölkənin (İran, Ukrayna, Gürcüstan, Türkiyə və Belarus) gənc mütəxəssisləri iştirak ediblər.
Konfransın keçirilməsində məqsəd sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən gənc alimləri, tədqiqatçıları bir araya gətirmək, onların təcrübələrini, yeni ideya və elmi nəticələrini bölüşmək üçün uyğun platforma təqdim etməkdir. Tədbirin açılışında çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev ölkədə elmin inkişafı istiqamətində görülən işlər, Fond tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Konfransda həmçinin Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov və s. çıxış ediblər.
Konfransda “Sağlamlıq turizmi qeyri-neft sektorunun inkişafında aparıcı istiqamət kimi”, “Dünyanın tibbi və sağlamlıq turizmi, sağlamlıq və müalicə turizmində yeni tendensiyalar”, “Sağlamlıq turizmində xəstəxana və mərkəzlərin rolu”, “Tibbi və sağlamlıq turizmi üçün təyinatlar”, “Sağlamlıq turizmində marketinq strategiyaları: uğur hekayələri”, “Sağlamlıq və müalicə turizmində insan resurslarının problemləri və imkanları”, “Qonaqpərvərlik sənayesində sağlamlıq və müalicə turizminin əhəmiyyəti” mövzularında müzakirələr aparılıb. Konfransda AMEA İqtisadiyyat İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin aparıcı elmi işçisi, i.f.d. Gülnar Səmədova “Azərbaycanda müalicəvi turizmin təhlili və qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib, ona fəal iştirakına görə sertifikat təqdim olunb (economics.com.az).