Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Şurada dissertantların dissertasiya mövzuları təsdiq olundu

  • Oxunub 1020 dəfə

 Fevralın 1-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olundu. Direktor AMEA Rəyasət Heyətinin 16 yanvar 2019-cu il 1/3 saylı “Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarında elmi işçi vəzifələrinin tutulması üçün müsabiqənin keçirilməsinin müvəqqəti qaydaları”nın təsdiq edilməsi haqqında qərarı haqqında məlumat verdi, bu qaydaların bundan sonra keçiriləcək müsabiqələr üçün əsas sənəd olduğunu bildirdi.

 İclasda 2018-2019-cu tədris ili üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə AMEA İqtisadiyyat İnstitutunun dissertanturasına qəbulun nəticələri müzakirə olundu. İqtisadiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri, dosent Gülsurə Mehdiyeva bildirdi ki, fəlsəfə doktoru üzrə dissertanturaya müsabiqəyə 7 yerə qarşı 10 nəfər qatılıb, nəticələrə əsasən ayrılmış bütün yerlərə qəbul aparılıb. Elmlər doktoru proqramı üzrə dissertanturaya müsabiqəyə isə 8 yerə qarşı 10 nəfər qatılıb, imtahan komissiyasının qərarına əsasən cəmi 6 yerə qəbul aparılıb, digər iddiaçıların doktorluq işi yazmağa hazırlıq səviyyəsi komissiyanı qane etmədiyindən ayrılmış 2 yer boş qalıb. Elmi Şurada dissertanturaya yeni qəbul olan dissertantların iştirakı ilə onların hər birinin dissertasiya işinin mövzusu geniş müzakirə edilərək təsdiq olundu.

 İclasda doktoranturaya test üsulu ilə qəbul imtahanları üçün nəzərdə tutulan test bankının mövcud vəziyyəti də müzakirə olundu, test bankının müasir tələblərə uyğun olaraq yenilənməsi tövsiyyə edildi.

 Elmi Şuranın qərarı ilə “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin müdiri, i.e.d., prof. Tərbiz Əliyevin “Klasterlər: təşkili və idarə edilməsi (beynəlxalq təcrübə və innovativ inkişaf)” monoqrafiyası, “Maliyyə, pul-kredit siyasəti” şöbəsinin müdiri, i.f.d., dos. Yaşar Məmmədovun “Azərbaycanda audit xidməti” monoqrafiyası, AMEA-nın müxbir üzvü. i.e.d., prof. Əli Nuriyevin və böyük elmi işçi, i.f.d. Mətanət Abdalovanın “İqtisadiyyatın dövlət tənzimlənməsinin təkmilləşməsi ətrafında düşüncələr, təklif və tövsiyyələr” monoqrafiyası çapa tövsiyyə olundu (economics.com.az).