AMEA İqtisadiyyat İnstitutunda ABŞ səfirliyinin əməkdaşları ilə görüş keçirilib
- Oxunub 878 dəfə
Martın 1-də AMEA İqtisadiyyat İnstitutunda Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin İqtisadiyyat şöbəsinin müdiri Castin Berq İnstitutun direktoru, professor Nazim Müzəffərli ilə görüşüb. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”ndən qarşıya gələn iqtisadi inkişaf məsələləri ətraflı müzakirə edilib.
Görüş zamanı AMEA İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat işləri, xüsusilə fundamental-nəzəri araşdırmalar barəsində geniş fikir mübadiləsi aparılıb. İnstitutun innovativ tədqiqatları, o cümlədən iqtisadiyyatın liberallıq-dirijistlik səviyyəsinin qiymətləndirilməsi və post-neft iqtisadiyyatına keçidin astana göstəricilərinin müəyyənləşdirilməsi üzrə araşdırmaları müzakirə edilib və bu tədqiqatların beynəlxalq ekspert icması üçün ciddi əhəmiyyət daşıdığı xüsusi qeyd edilib.
“Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı və beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri” mövzusunda 2019-2021-ci illərdə AMEA İqtisadiyyat İnstitutunda aparılması nəzərdə tutulan kompleks tədqiqat mövzusu ətrafında da diskussiya aparılıb.
Görüşdə ABŞ-ın Azərbaycandakı Səfirliyinin iqtisadi məsələlər üzrə məsləhətçisi Yusif Abasov və İqtisadiyyat İnstitutunun “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, i.f.d., dos. Rüfət Efendiyev də iştirak ediblər (economics.com.az).