Filosof Adil Əsədov elmin populyarlaşdırılması sahəsində mükafatın qalibi olub
- Oxunub 886 dəfə
27 Mart – Elm Günündə elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə AMEA Rəyasət Heyəti mükafatın (3000 manat) qalibinin adı açıqlanıb. Mükafata elmi biliklərin və elmi nailiyyətlərin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətinə, o cümlədən kainat və onun əsas inkişaf mərhələlərinə həsr olunmuş elmi və elmi-populyar əsərinə görə Fəlsəfə İnstitutunun Estetika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Adil Əsədov layiq görülüb.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin 10 iyul 2017-ci il tarixli 444 nömrəli sərəncamına əsasən elmi populyarlaşdırmaq, elmi bilikləri və nailiyyətləri, yeni elmi istiqamətləri təbliğ etmək, Azərbaycan elmində baş verən yeniliklərlə və əldə olunan elmi nəticələrlə ictimaiyyəti tanış etmək, habelə AMEA-nın fəaliyyətini geniş işıqlandırmaq, gənclərdə elmi fəaliyyətə maraq oyatmaq istiqamətində səmərəli fəaliyyətə görə AMEA Rəyasət Heyətinin mükafatı təsis edilmişdir.
AMEA prezidentinin 22 noyabr 2017-ci il tarixli 752 nömrəli sərəncamı ilə AMEA Rəyasət Heyətinin mükafatı haqqında əsasnamə təsdiq olunmuş və həmin sərəncama əsasən AMEA mükafatına ilk müsabiqə keçirilmişdir. Müsabiqədə elmin populyarlaşdırılmasında və bu istiqamətdə fəaliyyət göstərən alimlərin əməyi qiymətləndirilmiş, qaliblər mükafatla təltif edilmişdir. Bunun əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyası prezidenti 21 dekabr 2018-ci il tarixli 789 nömrəli sərəncamı imzalamış və müsabiqə elan edilmişdir. Müsabiqəyə ümumilikdə ayrı-ayrı şəxslərin və kollektivlərin namizədliyini əhatə edən 31 iş təqdim olunmuşdur.
Müsabiqəyə təqdim olunan işlərin qiymətləndirilməsi üçün AMEA prezidentinin 12 mart 2019-cu il tarixli 127 nömrəli sərəncamı ilə Ekspert komissiyası yaradılmışdır. Ekspert komissiyasının 12 mart 2019-cu il tarixli 01 nömrəli iclasında müsabiqəyə təqdim olunmuş işlərə baxılmışdır. Komissiyanın rəyi AMEA-nın prezidentinə təqdim edilmişdir. Ekspert komissiyasının rəyi nəzərə alınaraq qalib seçilmişdir.